ABŞ təzyiq dilində danışır !- “Türkiyə isə geri çəkilmir, çünki haqlıdır” 

"Qardaş ölkə regionda və dünyada söz sahibi olmağa iddialıdır”

“Ona görə də ABŞ qardaş ölkəyə haqsız sanksiyalar tətbiq edir”

“Türkiyəni regionun güclü, söz sahibi olan dövləti kimi qəbul etməlidir. Yoxsa bu münaqişədən daha çox zərər görən tərəf Amerika olacaq”


Türkiyə Milli Müdafiə naziri Hulusu Akar Rusiyadan alınan S-400-lərlə əlaqədar tətbiq etdiyi sanksiyalara görə ABŞ-a xəbərdarlıq edib. O, bu barədə NTV-yə açıqlamasında deyib:
“ABŞ sanksiyalarının heç bir zərər verməməsi üçün əlimizdən gələni edəcəyik. Başda NATO da daxil olmaqla birlikdə fəaliyyətlərimizin mənfi təsirə məruz qalacağını bildiririk. ABŞ bu səhv qərarından tezliklə imtina etməlidir. Qərarın düzəldilməsini gözləyirik”.

H.Akar əlavə edib ki, ölkədə olan S-400-lər hazırda nəzarət altındadır.

Bəs qardaş Türkiyəyə qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları onun müdafiə sənayesinin inkişafını ləngidə bilərmi? Bu haqsız hücumlara Ankaranın əks- tədbirləri nədən ibarət olacaq? 



AĞ Partiya sədri Tural Abbaslı “Sherg.az”a bildirib ki, bütün bunlar ABŞ-ın ədalətsiz və hüquqi əsası olmayan, sırf eqoistik maraqlarından irəli gələn qərarıdır:

“Amerika uzun müddətdir ki, bir çox məsələlərdə haqsız olduğu halda Türkiyəyə qarşı təzyiq vasitələrindən istifadə edir. Çünki müstəqil, regionda və dünyada söz sahibi olan bir ölkə istəmir. Özündən asılı vəziyyətə saldığı, təhlükəsizlik məsələlərində belə Amerikadan asılı olan Türkiyə görmək istəyir. Təbii ki, Türkiyə əvvəlki kimi deyil.

İstər regionda, istərsə də dünyada söz sahibi olmağa iddialıdır. Bir müddətdir ki, bunun təzahürlərini görürük.  Yaxın Şərqdə, Cənubi Qafqazda və dünyanın digər yerlərində baş verən hadisələrdə Türkiyənin mövqeyi həlledici olur. Ona görə də ABŞ qardaş ölkəyə haqsız sanksiyalar tətbiq edir”.

T.Abbaslı qeyd edib ki, Amerikanın S-400-lərlə bağlı mövqeyi birmənalı şəkildə yanlışdır:

“Çünki S-400-ləri əldə etməz öncə Türkiyə hava hücumundan  müdafiə komplekslərini almaq üçün Amerikaya müraciət etmişdi. Amma uzun illərdir ki, Amerika bu kompleksləri Türkiyəyə satmırdı. Türkiyə də haqlı olaraq təhlükəsizliyini təmin etmək üçün alternativ satıcılara müraciət etdi. Texniki göstəricilər və qiymətinə baxsaq, görərik ki, S-400-lər patriotlardan həm ucuzdur, həm də daha yüksək göstəriciyə malikdir”.

Partiya sədri vurğulayıb ki, Türkiyənin özünü və hava məkanını qorumaq ən təbii haqqıdır. Bunun üçün hansısa ölkəyə sankisya tətbiq etmək sivil mübarizə metodu deyil:

“Amerika kimi özünü dünyada ədalət carçısı kimi göstərən dövlətin belə addım atması onsuz  da zəif olan imicini yerlə yeksan edəcək. ABŞ uzun illərdir ki, yanlış və aqressiya siyasəti nəticəsində bütün müttəfiq dövlətlərlə münasibətlərini korlayıb. Fikrimcə, Trampın gedər ayaq belə əməllərə yol verməsi, sırf populist addımlardır.

O, öz partiyasına xal qazandırmaq üçün belə edir. Amma H.Akar da qeyd edib ki, Türkiyə geri çəkilmək niyyətində deyil və haqlıdır. Amerika yanlış mövqeyindən geri çəkilsə, Türkiyəni bərabərhüquqlu tərəfdaş kimi görsə, bir o qədər yaxşı olar və hər iki tərəf qazanar. Türkiyənin ətrafında ona sadiq olan, birgə irəliləmək istəyən bir çox güclü və strateji əhəmiyyətə malik dövlətlər var.

Düşünürəm ki, Amerika iqtidarı emosiyaları kənara qoyub, reallıqlarla barışmalı və Türkiyəni regionun güclü, söz sahibi olan dövləti kimi qəbul etməlidir. Yoxsa bu münaqişədən daha çox zərər görən tərəf Amerika olacaq”.