Ermənistanda Rusiyanın ikinci hərbi bazası... ! - “Bu, Kremlin diktəsidir”

“Hər halda ikinci hərbi bazanın yaradılması realdır”

“Azərbaycan buna və baş verə biləcək  növbəti təxribatlara hazır olmalıdır”


Ermənistanda müxalif düşərgənin təmsilçisi hesab olunan  “Maariflənmiş Ermənistan” partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan “Facebook” səhifəsində növbəti iddia ilə çıxış edib. O, qeyd edib ki, Rusiya Federasiyası ilə yeni bir təhlükəsizlik müqaviləsi imzalanmalıdır. Müqaviləyə ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan Sünik bölgəsində yerləşdiriləcək ikinci hərbi bazanın yaradılması ilə bağlı bənd daxil edilməlidir:


“Yeni müqavilədə Sünik bölgəsinin təhlükəsizliyi xüsusi yer tutmalıdır. Bu baxımdan Sünik bölgəsində yeni bir Rusiya hərbi bazasının yerləşdirilməsi ilə əlaqədar təcili danışıqlara başlamağı vacib hesab edirik. Hərbi baza bir tərəfdən Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin təsirli, dinamik fəaliyyətinə dayaq, digər tərəfdən bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin qarantı olacaq”.

Marukyan qeyd edib ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının təcrübəsi bu təhlükəsizlik mexanizminin effektivliyinin təminatıdır. Onilliklər boyu bu baza Ermənistan-Türkiyə sərhədinin toxunulmazlığını təmin edib:

“Ermənistanla Rusiya arasındakı yeni müqavilənin potensialını tarixi hadisə kimi qiymətləndiririk. Belə bir sənəd xalqlarımızın çoxəsrlik dostluğunu, ortaq dəyərlərin qorunmasını nümayiş etdirir”.

Hazırda Ermənistanın Gümrü şəhərində 1995-ci il dövlətlərarası razılaşmaya əsasən 102-ci Rusiya hərbi bazası yerləşdirilib ki, bu da Ermənistan-Türkiyə dövlət sərhədinin təhlükəsizliyini təmin edir.



“Ağ Partiya”nın sədr müavini, politoloq Əhəd Məmmədli bu barədə “Sherg.az”a danışarkən səslənən iddiada Rusiyanın “barmağı olduğunu” bildirib:

“Ermənistan rəsmi olmasa da, de-fakto Rusiyanın muxtar vilayətidir. Rəsmi İrəvan Kremlin “ovucunun içindədir”. Moskva Qarabağdakı mövqelərini itirsə də, Ermənistanı tamamilə özünə tabe etdi.

Ola bilsin, daxildəki ruspərəst müxalifət Putinə xoş gəlmək üçün bunu deyib. Məqsəd isə aydındır: Paşinyanın devrilməsi. Və ya, bəlkə də, sözügedən ideya Kremlin birbaşa diktəsidir.

Hər halda ikinci hərbi bazanın yaradılması realdır. Azərbaycan buna və baş verə biləcək  növbəti təxribatlara hazır olmalıdır”.