Professordan İRAD: “Televiziyalarda göz yaşlarını azaltmaq lazımdır"

Bu il sentyabrın 27-dən başlayaraq Vətən savaşının gedişatında hər kəs bir zamanlar baxımsızlığından  gileyləndiyi televiziyalarımızın, kanalların daimi seyrcisinə çevrildi. Təbii, bunun səbəbləri vardı. Əsas səbəb dəqiq, vaxtaşırı müharibə xəbərlərini izləmək idi.
Ölkədə internetə qoyulan məhdudiyyətlər də tamaşaçıları  daha çox TV-lərə bağladı.

Bu baxımdan deyə bilərik ki, Vətənin şərəfli səhifəsi yazılan dönəmdən sonra Azərbaycanda televiziyaların yeni dövrü başladı...
İnternet problemi aradan qalxandan sonra da əhali yerli telekanalları izləmək vərdişlərini davam etdi. Televiziyaya inam geri qayıtdı, təbii ki, bizim kanallar da xarici televiziyalar ilə telekörpülər yaratdı, çətin şəraitdə birbaşa canlı bağlantıya keçdilər və informasiya müharibəsinin iştirakçısına çevrildilər.
Bütün bu səbəblər, üstəlik, cənab prezident İlham Əliyevin xalqa davamlı müraciətləri və xarici kanallara verdiyi müsahibələr yerli televiziyalarımızı daha baxımlı edən ən mühüm nüansdır.
Elə buna görə də əhalinin 67,3 faizi ölkə Prezidentinin xalqı mütəmadi məlumatlandırmasını informasiya siyasətinin mühüm nəticəsi kimi qeyd edib. 
Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vətən müharibəsi mövzusundakı brifinqdə deyib.
Eləcə də, əlavə edilib ki, 44 gün davam edən müharibə dövründə 90,4 faiz respondentin qənaətinə görə, televiziyalarımız əhalinin əsas informasiya mənbəyi kimi çıxış edib. Bu dövrdə ən çox baxılan televiziya kanalı 62,6 faizlə AzTV olub. İkinci baxımlı kanal isə 60,2 faizlə ATV, Xəzər TV 59,8 faizlə üçüncü, Real TV dördüncü mövqeyi "işğal" edib.
Eləcə də, informasiya mənbələri sırasında Prezident İlham Əliyevin sosial şəbəkə hesabları önəmli yer tutub. Xüsusilə, Prezidentin “Twitter” hesabını məlumat almaq üçün izləyən respondentlərin sayı 79 faizdir.
Əhalinin cəmi 4.2 faizi 44 günlük müharibə dövründə internet TV-dən əsas informasiya mənbəyi kimi istifadə edib ki, onların da arasında Kanal 13 (44.0 faiz), Meydan TV (28.0 faiz) və Baku TV (20.0 faiz) diqqət çəkir.
Şübhəsiz ki, yerli telekanallarımıza baxışın artması və kütləvi seyrçi dönüşü sevindirici olmaya bilməz.

Məsələ ilə bağlı BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor, filologiya elmləri doktoru Cahangir Məmmədli "Şərq"ə öz fikirlərini bildirib:

"44 gün elə bir informasiya dövrü oldu ki, biz hər an televiziyanı izləyəsi olduq. 
Bəzən deyirlər ki, feysbuk, yutub, tvitter və s. kimi sosial şəbəkələr televiziyadan daha tez və doğru məlumatları çatdırır və ya televiziyanın vermədiyini bunlar göstərirlər. Bu, ola bilər ki, belə olsun. Amma əsl dəqiq olan informasiya dövlətin verdiyi informasiyadır. 
Ali Baş Komandan Vətən müharibəsində nəyi tələb edib və nəyi qarşıya qoyurdusa, xalqla necə birlik nümayiş etdirirdisə, biz onu yalnız televiziyadan görə bilirdik. 
Bəzən günlərlə TV-nin qarşısında oturduq, hər an cəbhədən gələn informasiyaları gözləyirdik...

Prezident İlham Əliyevin xarici kanallara verdiyi müsahibələr tarixdə görülməmiş müsahibələr oldu. Çünki bilirsiniz ki, istənilən jurnalist müsahibələrdə çalışır ki, sual verib istədiyi cavabı alsın. Və bizim prezidentə də elə suallar verirdilər ki, bu suallar müəyyən dərəcədə qıcıqlandırıcı xarakter daşıyırdı. 
Amma cənab prezident həmin suallara o qədər dolğun cavab verirdi ki, başqa niyyətlə gələn jurnalistlərin özləri də həmin müsahibələrdən çox razı qaldılar. Azərbaycan həqiqətlərini ən çox dünyaya çatdıran məhz bu mühazirələr oldu.

Baxın, biz həm də buna görə televiziyaları izləyirdik. Biz həm də televiziyadan əsgərlərimizin şücaətini gördük. Xalqla prezident, xalqla ordu birliyini göstərmək üçün televiziyalarımız çox böyük xidmət etdi. Buna görə də bu 44 gün ərzində televiziyalardan bir dənə də gileyim olmadı. 

Hər bir televiziyanın özünəməxsus informasiya siyasəti, tipoloji xarakteri var. Yəni onların hərəsinin ayrı-ayrı auditoriyası olmasına baxmayaraq bu 44 gün ərzində telekanalların hamısı birləşdi və birləşmiş televiziya əmələ gətirdilər. Yalnız bir informasiya siyasəti oldu. 

Bu mənada Azərbaycan televiziyalarının hamısı birlikdə, 44 gün ərzində birgə fəaliyyət göstərdilər". 

Televiziyalarımıza olan bu kütləvi dönüş, izləmənin davam edib-etməyəcəyi barədə suala professor  C.Məmmədli nikbin cavab verə bilmir:

"Yox, buna inanmaq bir az çətindir. Qələbə başa çatdı, müəyyən dərəcədə eyforiya da bitdi.
İndi də xüsusi olaraq sizin sualınıza cavab tapmaq üçün telekanallara diqqətlə baxıram. Baxıram ki, telekanallar müharibə dövründəki kimi işləyəcəklər, ya yox?! Görürəm ki, yox, telekanalların əksəriyyəti öz tipoloji xüsusiyyətlərinə, özlərinəməxsus informasiya siyasətinə geri dönüblər. 
Televiziyaları da qınamaq olmaz. Çünki hər birinin reklam problemi var və hər birinin də öz auditoriyası buna xidmət edir. 
Bu mənada, həmin 44 gün ərzində TV qarşısında olan insanlar indi xeyli azalır". 

Professor C.Məmmədli həmçinin, televiziyalarımıza  gileyini də dilə gətirdi:

"Bir şeyi də qeyd edim ki, bu gün televiziyalarımızda şəhid və qazilərimizlə bağlı çox gözəl verilişlər gedir. Amma bu verilişlərin bir narahatlığı var ki, onlarda göz yaşları daha çoxdur. Çox kədərli, qəribə duyğulu verilişlər olur. Mənə elə gəlir ki, bu göz yaşlarını bir az azaltmaq lazımdır.
Anaların göz yaşını anlamaq mümkündür, hər bir ananın göz yaşı mənim də göz yaşımdır. Amma bu göz yaşlarını çox qabartmaq lazım deyil. Çünki şəhid və qazi anaları o göz yaşlarını kimsənin dərindən görməsini istəmir. Onsuz da onların dərdi bütün Azərbaycanın dərdidir. Şəhid Azərbaycanın şəhidi, anası da bütöv Azərbaycanın anasıdır. Buna görə də həmin verilişlərdə bunları qürur mənbəyi kimi göstərmək lazımdır. Göz yaşlarını isə bir az azaltmaq lazımdır".

Ağarza Elçinoğlu