İşə başlanılıb !- Çağırışçılar tərxis olunacaqlar – Nə zaman?  

“Proses mərhələli qaydada həyata keçiriləcək”

 “İlkin olaraq ailə vəziyyəti nəzərə alınacaq. Sonrakı mərhələdə isə digərləri tərxis ediləcək”

“Hesab edirəm ki, qarşıdan gələn 2 ay ərzində həqiqi hərbi xidmətdə olan çağırışçıların tərxisi baş tutacaq”

Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli tərxisi gözlənilir. 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib. Nazirliyin məlumatına görə, hərbi xidmətə çağırılmış vətəndaşların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib:

“Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir. Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”.



Avqust ayının sonu, sentyabrın əvvələrindən ölkəmizdə irimiqyaslı təlimlərə start verildiyini deyən hərbi ekspert Ramil Məmmədli “Sherg.az”a bildirib ki, vaxtilə həqiqi hərbi xidmətdə olan vətəndaşlarımız 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak ediblər:

“Həmin vətəndaşlarımız müharibə bitsə də, hərbi xidmət dövrünü davam etdirirlər. Əlbəttə ki, onların tərxis olunması ilə bağlı müxtəlif suallar ortaya çıxır. Bununla bağlı səlahiyyət Ali Baş Komandan və Müdafiə Nazirliyindədir”.

R.Məmmədli qeyd edib ki, hərbi xidmətə çağırılmış vətəndaşların tərxis olunması ilə bağlı proses çox sadədir:

“Qarşıdan gələn bir neçə ay ərzində həmin vətəndaşlarımızın tərxis olunması prosesinə başlanılacaq. Bu proses mərhələli qaydada həyata keçiriləcək. İlkin olaraq ailə vəziyyəti nəzərə alınacaq.

Sonrakı mərhələdə isə digərləri tərxis ediləcək. Hesab edirəm ki, qarşıdan gələn 2 ay ərzində həqiqi hərbi xidmətdə olan çağırışçıların tərxisi baş tutacaq”.