Ermənistan: "Etirazçıların sayı artır, Paşinyan isə susur ” – Dalan ! 


Ermənistanın müxalifət nümayəndələri paytaxt İrəvanın Respublika meydanında gecələmək üçün çadırlar qurur. "Daşnaktsütyun" partiyasının idarə heyətinin təmsilçisi İşxan Saqatelyan müxalifətin mitinqi zamanı bildirib ki, hava soyuq olsa da,  onlar qərarlıdırlar:


“Geriyə dönüş yoxdur. "Mənim addımım" fraksiyasına vaxt vermişdik ki, nümayəndə heyəti formalaşdırsınlar və "Vətənin Qurtuluş Hərəkatı"nın rəhbərliyi ilə ölkədəki mövcud vəziyyəti müzakirə etsinlər".

İ.Saqatelyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyanın vəzifəsindən istefa verməsi parlament tərəfindən həll edilməlidir. O, müxalifətin "Mənim addımım" blokundan cavab gözlədiyini vurğulayıb.

İrəvandakı prosesləri “Sherg.az”a dəyərləndirən politoloq Əhməd Əlili bildirib ki, hazırda Ermənistanda yeni hadisələr cərəyan edir. Analitik vurğulayıb ki, müharibədən dərhal sonra Paşinyana bağlı olan qüvvələr ictimaiyyətə müəyyən qədər söz deyə bilirdi və meydana yığışan insanların sayı azalırdı. İndi isə bu etirazçıların sayı tədricən artır:

“Fikrimcə, dəyişikliyə səbəb Azərbaycanda Qələbə paradının keçirilməsidir. Ermənistan ictiamiyyəti bir daha özünü təhqir olunmuş hesab edir. Eyni zamanda Paşinyan bütün bunlara hər hansı bir reaksiya verə bilmir. Ona görə də Ermənistan ictimaiyyətinin dəyişdiyini müşahidə edirik. Ən vacib məqam bir neçə gün öncə Paşinyanın kilsədə olarkən din xadimlərindən birinə əl verməməsidir. Bunun özü də Paşinyanın əleyhinə olan bir məqamdır. Çünki Ermənistan cəmiyyəti çox dindardır. Ona görə də bu faktı Paşinyanın əleyhinə istifadə etdilər”.

Ə.Əlilinin qənaətincə, indiki məqamda Ermənistanda prokurorluq orqanlarının Paşinyanla bağlı səsləndirdiyi fikirlər onu göstərir ki, xalq ayağa qalxmadan belə hüquqi prosedurlar vasitəsilə Paşinyanı devirmək istəyirlər:

“Fikrimcə, bu proseslər müxalifəti daha da həvəsləndirib və onları qətiyyətli addımlar atmağa sövq edib. Ona görə də İrəvanın mərkəzində gecələmək üçün çadırlar qurulur”.