Qalib dövlət, qalib lider...

Prezident Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbənin memarı oldu

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyil. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Dövlət başçımızın şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.

MDB dövlətləri ilə Azərbaycanı müqayisə etsək, bir sıra çox vacib məqamları sezə bilərik. Onlardan fərqli olaraq, bizdə vahid ideologiyanın, milli özünüdərkin, korrekt siyasi oriyentrlərin mövcud olduğu bir toplum görərik. Xüsusilə Şərq xalqları üçün vacib sayılan bu kriteriyalar məhz Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti nəticəsində mümkün hala gəlib.

Ölkə rəhbəri 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. 



Politoloq Şəbnəm Həsənova “Şərq”ə bildirib ki, hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı. Ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Siyasi şərhçinin sözlərinə görə, elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı:

“Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi. Məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. İtki vermədən torpaqların geri qaytarılması dünya tarixində az rast gəlinən təcrübədir ki, bu da Prezidentimizin praqmatik və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.

Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması tam qələbəmizi təmin edən həlledici amillər oldu. Ölkə başçısının prosesi yüksək peşəkarlıqla idarə etməsi, zəruri müdaxilələri və korrektələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru apardı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi.

Cənab Prezident öz çıxışlarında hər zaman qeyd edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Dövlət başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı Qələbə, sadəcə 44 günlük müharibənin deyil, həm də 17 illik fəaliyyəti dövründə Prezidentin düşünülmüş şəkildə yürütdüyü siyasətin nəticəsidir”. 

Ş.Həsənova vurğulayıb ki, Prezident Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallıq yaratdı:

“Vaxtilə bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmir, işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmirdilər. Bugün bütün dünya Azərbaycan dövlətinin qalib dövlət, xalqımızın isə qürurlu, məğrur, yenilməz xalq olduğu reallığını görür və qəbul edir. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Döyüşlər sadəcə səngərdə və diplomatik masada deyil, informasiya məkanında da qızğın xarakter aldı.

Prezident 26 xarici mediaya müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla əsaslandırdı və sual doğuran məsələlərə aydınlıq gətirərək reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən Prezident Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı. Əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı qalib və qürurlu xalq kimi tanınır.

Bu, ölkəmizin mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir. Yaranmış yeni reallıqlar fonunda Fransa və digər dairələr mövcud vəziyyətlə barışmalı, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə yönələn addımlar atmalıdır”.