Pandemiya dövründə konkret qərarlar risklidir

İndi dəqiq proqnozlar vermək, iqtisadi proqramlar hazırlamaq çətinləşir

 “Post-pandemiya və post-neft dövrü bizim qarşımızda yeni çağırışlar qoyub”. Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirdiyi iclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Sədr bildirib ki, növbəti 5-10 il ərzində başlıca iqtisadi çağırış yüksək və dayanıqlı iqtisadiyyatın və Ümumi Daxili Məhsulun ikiqat artımının təmin olunmasıdır: “İkinci çağırış isə ortamüddətli dövrdə makroiqtisadi sabitliyin qorunmasıdır.

O baxımdan növbəti ildə büdcə xərclərinin 4 faizə qədər artması tam məntiqlidir. Büdcə layihəsi azad olunmuş ərazilərdə bərpa işlərinin başlanmasını özündə ehtiva edir. Biz bunu uzun illər gözləmişik”. 

MB rəhbərinin diqqət yönəltdiyi məqamı “Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimli olduqca mürəkkəb dövrə qədəm qoyduğumuzu deyib. Ekspert bildirib ki, müharibəni başa vurduq, amma pandemiyanın sonu və sərhədləri bəlli olmadığı üçün dəqiq proqnozlar vermək, iqtisadi proqramlar hazırlamaq çətinləşir:

“Hələ postpandemiya dövrünə qədəm qoymamışıq. Belə məqamda konkret iqtisadi qərarlar bir qədər risklidir. İqtisadi tənəzzül yaşayan ölkələrdən üstünlüyümüz ondadır ki, pandemiyanın başlandığı və davam etdiyi ilkin dövrdə iqtisadi elastikliyi qoruyub saxlaya bildik. Elastiklik olmasaydı, pandemiya iqtisadi sektorlarımızı tamamilə çökdürərdi.

Fərqli qərar verən bir çox ölkələr öz iqtisadiyyatlarını məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular. Azərbaycan pandemiya və ya müharibə dövrünə tam hazırlıqsız yaxalanmadı və sonrakı dövrdə dayanıqlı iqtisadiyyatın faydalarını gördü.

Ancaq postpandemiya dövründə bir çox iqtisadi sektorlar iflic vəziyyətə düşəcək. Xüsusən, turizm və müxtəlif növ xidmət sahələri çökmüş vəziyyətdə olacaq. Bu sektorlarda əhəmiyyətli itkilərimizi görəcəyik”. 

İqtisadçının fikrincə, digər sahələrlə zərəri müəyyən qədər kompensasiya etmək mümkündür:

“İşğaldan azad olunmuş rayonlarımızda iqtisadiyyatın dirçəldilməsi makroiqtisadiyyatımıza tarazlıq gətirəcək. Gələcəkdə gəlirlərimiz çoxalarsa, zamanla boşluqları aradan qaldırmaq, hətta ÜDM-nin artımına da nail olmaq mümkün olacaq”.