Azad olunan torpaqlarımızda böyük potensial var

Qarabağdan əsas gəlirlər 2022-ci ildən etibarən əldə olunacaq

2021-ci ildə dövlət büdcəsində işğaldan azad edilmiş bir sıra rayonlarımızın gəlirləri müəyyənləşib. İşğaldan azad olunmuş Şuşa şəhərindən əldə edilən gəlirlərin cəmi məbləği 1 milyon 382 min manat təşkil edəcək. Bu göstərici Füzuli rayonu üzrə 7 milyon 966 min, Ağdam rayonu üzrə 5 milyon 385 min, Qubadlı rayonu üzrə 3 milyon 417 min, Laçın rayonu üzrə isə 2 milyon 420 min məbləğində nəzərdə tutulub. İqtisadçıların fikrincə, açıqlanan rəqəmlər aşağı-yuxarı ola, tam dəqiqliyi ifadə etməyə bilər. Amma görünən odur ki, hökumət gələn il Qarabağda sürətli bərpa, tikinti-quruculuq və istehsal işlərinə başlayacaq.

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə bildirib ki, işğaldan azad edilmiş rayonlarımızın bərpası üçün dövlət büdcəsindən ayrılan 2 milyard manatdan əlavə digər mənbələrdən, yerli və xarici investisiyalardan da istifadə ediləcək. Ekspertin sözlərinə görə, tezliklə Qarabağ iqtisadi rayonu Azərbaycan iqtisadiyyyatında mühüm rol oynayacaq:

“Qarabağda böyük iqtisadi potensial var. Bölgə həm yeraltı, həm də yerüstü sərvətlərlə zəngindir. İlk növbədə aqrar sektorun inkişafına, daha sonra yüngül sənaye və yeyinti sənayesinin inkişafına çalışmaq lazımdır. Mədən sənayesinin bərpası bir qədər vaxt aparacaq. Bəziləri hazırdır, bəzilərini isə yeni texnologiyalarla istismar etmək lazımdır.

Buraya su ehtiyatlarını da əlavə etmək olar ki, bu da dolayı yolla qonşu bölgələrin aqrar sektoruna yardım etmiş olacaq. Bundan başqa Qarabağda turizm potensialı da böyükdür.

Əlbəttə, ilk 1 ildə bu istiqamətdə bərpa və yenidənqurma işləri aparılacaq. İnfrastruktur bərpa olunmalı, təkmilləşdirilməli, yaşayış məntəqələri, sosial obyektlər, istehsal obyekləri tikilməlidir.

Əsas gəlirlər 2022-ci ildən etibarən əldə olunacaq. Bir neçə ildən sonra bölgə iqtisadiyyatdakı payına görə inzibati bölgüdə ilk 3-lükdə olacaq”. 

E.Bayramlının qənaətincə, bu işlərin daha sürətlə və daha effektiv görülməsi üçün maliyyə imkanları kifayət qədərdir:

“50 milyardlıq strateji rezervlərimizdən ilk mərhələdə 10 milyardını buraya cəlb etsək, qısa zamanda gəlir götürülməsini təmin etmək olar. Xarici və yerli şirkətlərin, investorların dəstəyi böyük olacaq.

Qarabağda istehsal və xidmət obyektlərinin açılması məqsədilə maliyyə amnistiyasının tətbiqi də uğurlu olardı. Bu yolla on milyardlarla vəsait cəlb etmək mümkündür.

Hökumət ilk 5 il ərzində bölgədə xüsusi güzətlər tətbiq etməlidir. Hesab edirəm ki, bu tədbirlər həyata keçirilsə, maksimum 5 ilə Qarabağı inkişaf etmiş sosial-iqtisadi regiona çevirmək mümkün olacaq”.