Rusiya Xocalıda hava nəqliyyatını işə salmaq istəyir

Avqustda Azərbaycana gələn Türkiyə hərbi bölmələrini hissə-hissə Şuşaya, Kəlbəcərə yerləşdirmək lazımdır

“Rusiya növbəti dəfə Qarabağın dağlıq hissəsinə, sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərə xeyli hərbi avtomobil, təchizat, yanğınsöndürən maşın və digər hərbi təyinatlı mallar daşıyıb”.

Bu barədə “Şərq”ə Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, artıq Xocalıda hərbi avtopark inşa edilib, yeni mülki və hərbi şəhərciklərin tikintisi planlaşdırılır: “Göründüyü kimi Rusiya rəhbərliyinin diqqəti Qarabağdadır.

Rusiya və Türkiyə arasında birgə sülhməramlı qüvvələrin fəaliyyəti və patrul sistemi danışıqları Moskva tərəfindən qəbul edilmədi. Əsasən Sergey Lavrov xətti buna qarşı çıxdı. Rusiya erməni faktorunu qabardaraq Türkiyəni birgə sülhməramlı fəaliyyətdən çəkindirdi. Rusiyanın təktərəfli şəkildə sülhməramlı kimi iştirakı artıq əleyhimizə işləyir. Moskva Türkiyə və Rusiyanın Birgə Monitorinq Mərkəzinə məcburiyyətdən razılıq verib.

Birgə Monitorinq Mərkəzi Ağdamdan idarə edilsə də, Türkiyə Kreml üçün Qarabağda qəbuledilməz bir faktordur. Moskva Dağlıq Qarabağa erməniləri köçürməklə, burada infrastruktur qurmaqla regiona nəzarəti ələ keçirməyə çalışır. Rusiyanın əsas diqqəti Qarabağa yönəltməsi Ermənistanı da arxa plana atıb”. 

Analitik vurğulayıb ki, Rusiya Dağlıq Qarabağla hava nəqliyyatını işə salarsa, ermənilərin Rusiya ilə birbaşa əlaqəsi yaranacaq:

“Moskva dekabrın 25-də ilk uçuşu həyata keçirməklə hərbi və mülki uçuşları Azərbaycanın nəzarətindən kənarda reallaşdırmaq istəyir. Xocalıda avtopark bunun üçün salınıb.

Əgər Xocalı aeroportundan uçuşlar həyata keçirləcəksə, bu, Azərbaycanın nəzarətində olmalıdır. Avqustda Azərbaycana gələn Türkiyə hərbi bölmələrini hissə-hissə Şuşaya, Kəlbəcərə yerləşdirmək lazımdır.

Türkiyə ilə birgə işi gücləndirməli, insanların Qarabağa qayıdışını sürətləndirməliyik”.