Tankını ailəsindən çox istəyirdi - Şəhid ailəsindən reportaj - FOTOLAR

Yaralananda dedik, getmə, cavab verdi ki, bəs  tankımı kimə əmanət edim?

"Şərq" şəhidlik zirvəsinə yüksələn Mahmudun döyüş hekayəsini təqdim edir


Ağstafadayam. Üzərimdə böyük missiya var.
Rayonda şəhid ailələrini, qaziləri ziyarət edib, reportajlar hazırlayacam.
Mənə bələdçilik edən anamla yolu keçib, beşmərtəbəli binaya tərəf gedirik. Binanın girəcəyində lövhə asılıb. Budur, şəhid Əhmədov Mahmud Fərman oğlu. Gəlin, adı çəkilmişkən onun haqqında məlumat verək.

"Mahmudla nəfəs alırdım"

Mahmud 1989-cu il avqustun 2-də Ağstafa şəhərində anadan olub. Əvvəlcə Asif Abdullayev adına Ağstafa şəhər 2 nömrəli məktəbdə, daha sonra Texniki Humanitar təmayüllü liseydə təhsil alıb. Bir müddət sərbəst işlə məşğul olduqdan sonra hərbi xidmətə yola düşüb. Əsgərliyi başa vurub, evə qayıdıb. Öz istəyi ilə imtahan verərək müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Bir müddət Şəmkirdə, sonra Ağstafa rayon Qırılı kəndində, N saylı hərbi hissədə xidmət göstərib. Ordan isə Mingəçevirə ezam olunub. Bundan sonrası bəllidir: İkinci Vətən müharibəsində Mahmudun şücaəti. Şəhidin  qəhrəmanlığını ailəsindən eşidəcəyik. Mahmudun bacısı Aysun bizi qarşılayır.

Elə söhbətə də onunla başlayıram. Mahmud ən sevimli qardaşı olub, 17 yaşlı Aysun kövrək notlarla qardaşından danışır: “Tək Mahmuda deyil, ailəmə çox bağlıyam. Amma onunla dostluğumuz bir  başqa idi. Mahmudla nəfəs alırdım. Sonra işi ilə əlaqədar başqa şəhərlərə getdi. Ayrı düşdük, uzaqlaşdıq. Hər dəqiqə görə bilmirdim. Bəlkə də ona görə indi yoxluğuna dözə bilirəm”.

O şəhid olan gün anası hiss edib 

Aysun deyir ki, qardaşı müharibəyə getməmişdən öncə öz şəkilləri və şəhid mahnısı ilə video hazırlayıb. Sanki şəhidlik zirvəsinə ucalacağını hiss edib. Həmişə özünə şəhidlik arzulayırdı. Bacısının sözlərini qonşusu da təsdiqləyir:

- O ölən gün anası hiss etdi. Mən şahidəm, gecə dedi ki, balama nə isə olub. Səhərə qədər ağladı. Sonra  Mahmudun şəhidlik xəbəri gəldi.

Aysun söhbətinə davam edir:
 
- 3 noyabr, axşam saat 11-ə işləmiş  qardaşıma yazdım ki, necəsən? Vaxtın olanda zəng edərsən. Mesajı yazan kimi, zəng gəldi. Son söhbətimiz onda oldu, hələ də səsi qulağımdadır. Dedi ki, bir azdan döyüşə girəcəm, haqqınızı halal edin. Quran oxuyun, dualarınızı əsirgəməyin. Hər şey ola bilər. Həmişə şəhidlik arzulayırdı. Hamıya deyirdi, mənə şəhidlik diləyin”.
Bacısının sözlərinə görə, Mahmud sentyabrın 27-si yaralanıb. Onun tank heyətindən iki nəfər şəhidlik zirvəsinə ucalıb. Mahmud onların nəşini də atəş altında qoymayıb, düşmənin əlinə keçməsin deyə yaralı halda ikisini də ordan çıxarıb. Sonra bir neçə gün hospitalda müalicə alıb. Yarasının sağalmasını gözləməyib, yenidən döyüşə yollanıb.

Nur oyuncaq istəmir, atasını istəyir

Şəhidin Nur adlı bir qızı var, digər övladı da yaxın zamanda dünyaya gələcək. Mahmud qızına çox bağlı olub.

- Videoları var, qızını tez-tez öpür. Sanki ona doya bilməyəcəyini hiss edir. Nur elə bilir atası işdədi. Pandemiya dövründə evə gəlmədi. Bir az uzaq qaldı, indi də işdə olduğunu düşünür. Demişik ki, sən böyüyəndə gələcək, çoxlu oyuncaqlar alacaq. Ötən dəfə bizdə idi, dedi ki, oyuncaq istəmirəm, atamın özü gəlsin. Atasının yoxluğunu hiss edir, ağladığımızı görür. Uşaqlar danışır, deyirlər, Mahmud əmi şəhid olub. Soruşur ki, şəhid nədir? Sonra özü cavab verir: Atanın işdə olmağı deməkdir? Hələ dərk eləmir.

İki dəfə şəhid olduğu xəbəri gəlib

Əslində Mahmudun şəhidlik xəbəri iki dəfə gəlib. Birinci dəfə eşitdikdən sonra yaralı olduğu söylənilib, ailə sevinib. Böyük bacısı və atası Füzuli rayonuna yola düşüb. Bir həftədən çox davam edən axtarışdan sonra cənazəsi tapılıb.

- İnanmaq istəmirdim. Ayın 5-dən cənazəsini hospitala gətirib, morqda saxlayıblar. Biz ondan 12 gün xəbər gözlədik. Demə, o, daha əvvəldən canını tapşırıb.

Hər zaman qardaşı ilə fəxr edəcəyini söyləyir Aysun. Onun arzusunu reallaşdırmaq üçün gücünü toplayıb dərslərə davam edir. Bu çətin dönəmdə sinif yoldaşları, müəllimləri də şəhid bacısından dəstəklərini əsirgəmir.

Aysunla söhbəti yavaş-yavaş yekunlaşdırırıq. Bir az fotolardan danışırıq. Mahmudun məktəb illərindən, hərbi xidmətdən şəkillərini göstərir. Deyir, ölümündən sonra telefonuna baxdım, dinlədiyi mahnılara, izlədiyi videolara nəzər yetirdim. Hamısı vətənpərvərlik, şahidlik, müharibə mövzusunda idi.

Bu əsnada Mahmudun atası Fərman Əhmədov gəlir. Özümü toplayıb, kədərli ata ilə söhbətə başlayıram. 

Atası Vətən müharibəsi zamanı oğlunun dediyi sözləri yada salır. Telefon danışıqlarında daim qələbədən bəhs etdiyini söyləyir:

- Deyirdi, döyüşlərimiz qaydasında davam edir. İrəli getməliyik, qələbə çalmalıyıq. 30 ildir əsarətdə olan Qarabağa bayrağımızı sancmalıyıq. Mahmud həmişə gülərüz idi. Dalaşsa da, kin saxlamazdı. 10 dəqiqə sonra heç dava  olmamış kimi danışırdı. Ürəyi təmiz uşaq idi, kiməsə pislik etməzdi. Ailəsinin çörək pulunu da istəsən verərdi.

"Bədənində, qolunda, ayağında qəlpələr qalmışdı"

Ali təhsil almaq istəyirdi, amma imtahana gedəndə 39 dərəcə qızdırması vardı. Ona görə kəsildi. Uşaqlıqdan hərbi formaya həvəsli idi. Elə-belə həvəs deyildi, hərbi papağını taxırdı, beləcə sevgisini büruzə verirdi.

Mahmud həmçinin Aprel və Tovuz döyüşlərində də iştirak edib.

- Tovuz hadisələri zamanı bizim zonada postlarda olublar. Aprel döyüşlərində cəbhə bölgəsinə getməyiblər, bu yaxınlarda xidmət edib.

Atası deyir, Mahmudu bir həftə axtardıqdan sonra tapdıq.

- Bir dəfə televiziyada Bərdə xəstəxanasından həkim danışırdı. Mahmud da Vətən müharibəsində birinci dəfə yaralananda orda müalicə alıb. Həkim deyirdi ki, bir tankçı yaralı idi. Adı yadımdan çıxıb, amma dedi ki, yaramı sarıb döyüşə qayıtmalıyam. Həkimin sözlərindən anladım ki, o, Mahmud imiş. Çünki yaralarına qədər eyni idi. Mahmudun da bədənində, qolunda, ayağında qəlpələr qalmışdı. Yaralı şəkildə döyüşə qayıtdı. Bir yandan fəxr edirik, o biri tərəfdən də övlad itkisi çətindir. Adamın atası, anası öləndə elə də acı çəkmir. Övlad itkisi isə başqa dərddir (kövrəlir).

"Mahmudun yaralı olduğunu bilməyiblər, hərbi hissədə sarğını açırmış, vuruşmağa gedəndə sarıyırmış"

Deyirlər, Mahmud tankını çox sevirmiş. Peşəkar, işini bilən tankçı olub.


- Öz ailəsindən çox tankını istəyirdi. Yaralananda dedik, getmə, cavab verdi ki, bəs  tankımı kimə əmanət edim? Özü də ikinci dəfə erməninin tankı ilə döyüşüb. Noyabrın 4-ü şəhid olub.  Füzuli, Laçın, Tərtər döyüşlərində iştirak edib. Şuşada da olub, lakin şəhərə girməyiblər. Sonra Laçın istiqamətində irəliləyiblər.  Şuşa əlbəyaxa döyüşlərlə işğaldan azad edilib deyə, texnikaya ehtiyac qalmayıb. Ora piyada əsgərlərimiz girib. Laçının bir neçə kəndini alıblar. Günorta 11-12 radələrində şəhidlik zirvəsinə ucalıb. Burda  qazi var, oğlumla bir yerdə döyüşüb. Deyir, ölümdən qurtulmağımıza Mahmud və Arzu adlı tankçı kömək edib. Onları atəş altından çıxarıb. Mahmud ilk dəfə yaralananda onun heyətindən iki nəfər şəhidlik zirvəsinə ucalıb. Onların nəşlərini təkbaşına çıxarıb. Tərtər istiqamətində gedən döyüşlərdə, Suqovuşan tərəfdə yaralandı. Hospitaldan Füzuliyə getdi. Hadrutun azad edilməsində şücaətləri olub. Kəndlərin çoxunun alınmasında iştirak ediblər.  Bütün şəhidlərimiz cəsur, mərddilər, qorxmayıblar. Özü də döyüşdə Mahmudun yaralı olduğunu bilməyiblər, hərbi hissədə sarğını açırmış, vuruşmağa gedəndə sarıyırmış. 

"İkinci dəfə döyüşə erməni tankı ilə gedib"

Söhbətimiz tam qurtaran zaman şəhidin anası və böyük bacısı gəlir. Anası Aybəniz xala oğlunun hər zaman gülərüz, zarafatcıl olduğunu söyləyir.

- Hər kəslə mehriban idi. İşini çox sevirdi. Hər yerdə başına and içirdilər. Tankını o qədər sevirdi ki, hamımızı tankına qurban verdi. Yaralanıb qayıdanda, Bərdədə, Ucarda, Göyçayda, Qəbələdə müalicə aldı. Zəng etdim ki, Mahmud, hara gedirsən? Yaralı kağızın var, yaralısan. Cavab verdi ki, o, hərbi hissəyə təqdim etmək üçündür. Dedim, nolar getmə, indi nağarısan? Söylədi ki, tankımı təmir edirəm. Axı onun tankı vurulmuşdu. Bədəninin müxtəlif nahiyələrindən qəlpə yarası almışdı, ayağı da axsayırdı. Ona görə deyirdim, getmə. Amma əsəbiləşdi, dedi bəlkə orda şəhid olanlardan artıq oğlanam? Ya da onların anasında artıqsan? Gedəcəm döyüşə (ağlayır). Yollanan günü, bacısına zəng etdim. Dedim, qoyma getməyə, yaralıdır. Söylədi ki, elə etməyin ki, telefonlarınıza cavab verməyim. Goranboyda olanda danışdım ki, nağarırsan? Cavab verdi ki, mənfurlardan gələn tankları təmir edirəm. Deyirdi tankımı heç kimə vermərəm. İkinci dəfə döyüşə erməni tankı ilə gedib. Öz tankında vuruşsa, bəlkə heç nə olmazdı (ağlayır). Saatlarla döyüşüb, yaralıları çıxardıblar. Onlar çıxandan sonra balam şəhid olub. Yenə də özünü qoruyub, tankın içindən yana-yana düşüb, kürəyini söndürüb. Dərədən yuvarlanıb, başı daşa dəyib. Arxasınca köməyə iki nəfər gedirmiş, onlar da şəhid olub. Bəlkə də kömək çatsa, indi yaşayardı.

Bacısı Günel isə onun yoxluğu ilə barışa bilmir. 

- Səhərə qədər yatmıram, oyaq qalıram. Elə bilirəm evdə işığı yandıranda əli əlimə dəyir. O dəfə içəri girdim, hər yer qaranlıq idi, işığı yandırdım, elə bildim əli əlimə toxundu. Bir dəfə xəstələndim, qızdırmadan təngnəfəs olurdum. Yatırdım, çarpayının yanında bir adamın sığışacagı qədər yer var. Yuxulu-yuxulu gördüm ki, gəlib. Saçımı qaldırıb, alnımdan öpür. Başımın üstündə yaralı, hərbi formada durub, gülür. Tez oyandım,  gördüm qapıya asdığımız pərdə yellənir. O dəqiqə şəkillərinə baxdım. Bir neçə nəfərdən bu yuxunun mənasını soruşdum. Dedilər, onun ruhu evdə gəzir. Həm də onun fikri ilə yatırsız deyə yuxunuza girib.

"Mahmud da elə insandır ki, sağ olsa, xəbər edərdi"

O an  anası dillənir: Bəs mənim yuxuma niyə gəlmir? (ağlayır).

Günel danışmağa davam edir. O, atası ilə birlikdə qardaşını axtardığı günləri xatırlayır.

- Füzuli rayonunda onu axtaranda, bir gecə ürəyim təntidi. Birtəhər yuxuya getdim, gördüm, gəlinin anasıgildəyik, zil qaranlıqdır, bayrağı çiynindən asıb, gəlib. Deyir, məni niyə axtarırsız, şəhid olmuşam. Təəccüblənirəm ki, necə şəhid olmusan, axı burdasan. Cavab verdi ki, elə şəhid olduğumu deməyə gəldim, az ağla, az axtar məni. Oyandım yuxudan, gəlinin xalası başımda idi. Elə o günün səhəri  xalası da yuxuda gördü. Yenə yuxuyla tapdıq onu. Bir tanışımızın qızının yuxusuna girib. Deyib ki, mənə su ver, yanıram. Qız bildirib ki, bibimgil, hamı səni axtarır, onlara bizdə olduğunu xəbər verim.  Mahmud deyib, lazım deyil. Amma Günelə de ki, olduğum yerdə çox üşüyürəm. Evə gəlmək istəyirəm, yola rus tikanı töküblər, gedə bilmirəm. Əlində bir topa açar var, qapıları açsın. Hamı deyirdi, yaralıdı, sağdı. Doğrudan da yaralı imiş, amma kömək çatmayıb. İki nəfər gedirmiş, o yazıqlar da şəhid olub. Bizə şəhid olduğunu deyən adama zəng elədim, saat 4-ə işləmişdi. Dedim, qurban olum, bizim gözümüzü qapılardan yığ. Artıq bilirik ki, şəhid olub. Mahmud da elə insandır ki, sağ olsa, xəbər edərdi. Yaralananda ilk mənə zəng elədi ki, qorxmayın. Anam da dedi ki, dörd gündür səsi gəlmir, deməli, başına bir iş gəlib. Nəysə oğlan dedi, gəlirəm. Həmin günü atamgil məni xəstəxanaya getməyə qoymadı. Çünki orda pis olurdum, əsirdim.

"Heç istəmirəm gecə olsun, morqlar yadıma düşür"

Günel o dəhşətli günləri hönkürə-hönkürə yada salır.

- Gün ərzində 51 şəhid görməli olurduq. Çox çətin idi. Həmin oğlan dedi, sabah 9-da ordayam. Bildirdim ki, mən orda deyiləm. Sonra kompüterdə fotolarına baxdım. Dedi bu Mahmuddu, Xudayardı, bir də İsmayıldı. Atama zəng elədim, dedi heç nə yoxdu. Sən demə, qardaşımı yumağa aparırlar. Orda Peyğəmbər məscidi var, ancaq şəhidlər yuyulur. Məgər hamı bilirmiş. Gəlinin xalası da xəbərdar imiş. Mən də bildim ki, şəhid olub. O an anam zəng vurdu, inkar eləməyə çalışdım, sonra dedim "Ay mama, Mahmud şəhid olub". Orda huşumu itirmişəm. Sonra şəkillərinə baxdıq (ağlayır). Heç istəmirəm gecə olsun, morqlar yadıma düşür. Soyuqda neçə nəfər kişinin içində tək qal, çətin vəziyyətdə qardaşını axtar. Elə dualar edirdim, Allah qəbul eləmədi. Yenə də Mahmudun öz arzusu idi. Çox şükür, arzusunun biri yerinə yetdi. 
İndi ailənin tək arzusu, amalı var. O da Mahmudun adını yaşatmaqdır. Oxuduğu orta məktəbə şəhidin adının verilməsini diləyirlər.
- Nə pul lazımdı, nə yardım. Əsas adının tanınmağını istəyirik. Ağstafa Rayon Texniki Humanitar Təmayüllü lisey, Şəhid Əhmədov Mahmud adına lisey adlansa, bizim üçün  böyük iş olar. Mahmud liseyin ilk şəhididir.

Və Mahmuddan qalan qanlı şalvar

Söhbət əsnasında bacısı Mahmuddan qalan qanlı şalvarı gətirir. Donub qalıram, nə deyəcəyimi bilmirəm. Adına şeirlər yazılan, qara torpağı Vətən edən həmin şəhid qanı qarşımdadır. Mən susuram, onlar danışır.

- Bu qalıb balamdan. Siqareti çəkib, kötüklərini cibinə yığıb, tankının boltudur.
Siqaret kötüklərini göstərərək bacısı dillənir.

- Hər axşam bunu iyləyərək yatıram ki, bəlkə yuxuma girə. Amma gəlmir, küsüb deyəsən...

- Kaş ayağının biri, gözü, qolu olmayaydı, saxlayardıq. And içmişdim ki, ömürlük balama baxacam (ağlayır). Dedim, gözü olmasın, gözümü verərəm. İndi bildim, balam ölüb. Gecəni gözümə yuxu getmir.

Şəhidin həyat yoldaşı Zəhra xanım uzaqda olduğundan üzbəüz danışa bilmirik. Lakin onun da Mahmud haqqında deyiləcək sözü var.

- Mən də şəhid qızıyam, hər zaman hərbi formaya böyük hörmətim olub. Yoldaşımı da elə sevmişəm. Sözlərlə ifadə edə bilmirəm. Gözəl ailə başçısı idi. O mənə həm ata, həm qardaş, həm yoldaş olub. Qoymayıb ki, kimsə mənə bir kəlmə söz desin. Həmişə deyirdi, atanın adına layiq ol. Atamın şəhid adı ona çox xoş idi. Özü də qızına o uca mərtəbəni bağışladı. Şəhid övladı və həyat yoldaşı olmaq qürurvericidir. Amma  yoxluqlarına  öyrəşmək çətindir. Gözəl ailəmiz olub. Bir saat da evdə boş olsa, deyirdi, gedək gəzək. Mən elə insan görməmişdim. Fikirləşirdim ki, həyatda mənim qədər xoşbəxt insan yoxdur. Qızına çox bağlı idi. Bir manat pulu olsa, özünə siqaret almaz, balasına xərcləyərdi. İşdən evə gələndə botinkasını da çıxarmadan qızıyla oynayırdı. Qızı hər gün atam gəlir deyə yol gözləyir. O uşağın gözünü yoldan necə yığım bilmirəm...
Qeyd edək ki, Mahmud Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

...Allah rəhmət eləsin.

Hazırladı: Samirə Ərəbova