Döyüşdə elə adamlar olub ki, hələ onlardan bir xəbər yoxdur

Şəhidlərimizə ehtiram göstərib, bu il bayram keçirməməliyik

Yeni il bayramına sayılı günlər qalıb. Lakin bu dəfə Azərbaycan xalqı növbəti ili fərqli qarşılayır. 2020-ci il bizim üçün həm ağır, həm də sevincli keçdi. İkinci Qarabağ müharibəsinin qələbəmizlə sona çatması hər birimizi sevindirir. Şübhəsiz zəfərimizin banisi olan şəhidlərimiz, qazilərimiz var.
Bu səbəbdəndir ki, ölkədə bayramın qeyd edilməsi barədə müzakirələr gedir. İnsanlar şam ağaclarının bəzədilməsini, təntənəli bayram şənliklərini şəhid ailələrinə hörmətsizlik hesab edir. 



Mövzu ilə bağlı “Şərq”ə danışan sosioloq Sahib Altay məsələni belə şərh edib:

“Bir ildir ölkədə toy məclisləri keçirilmir. Dünya yalnız pandemiyadan əziyyət çəkirsə, bizdə həm koronavirus infeksiyası, həm də müharibə var idi. Bir il ərzində toy məclislərinin keçirilməməsi, bayram tədbirlərinin qeyd olunmaması insanların psixologiyası baxımından yaxşı hal deyil.

Əslində vətəndaşların hüquqi cəhətdən nə isə nəzərə almadan bayram qeyd etmə haqqı var. İnsanlar evində qeyd etsə heç kim, heç nə deməyəcək. Lakin həmrəylik nümayiş etdiririksə, bir cəbhədə birləşib savaşmışıqsa bu birliyi davam etdirməliyik.

Müharibə reallığından baxanda itkilərimiz, 3000-ə yaxın şəhidimiz, əlavə olaraq yaralılarımız var. Təqribən 3000 ailədə bir acı yaşanır. Həmçinin onların yaxınları, qohumları var. Beləliklə təxminən 10000 ailədə yas ab-havası hökm sürür. Hər halda mövcud həssasiyyəti nəzərə almalıyıq. Düşünək ki, 10000 ailədə yasdır, qalan adamlar bayram edir.

Bu milli şüur baxımından düzgün deyil. Adicə qələbə paradında, tədbirlər keçiriləndə şəhid ailələrinin reaksiyasını görürük. Bir mənalı olmur. Oğlum Vətən uğrunda şəhid olub, fəxr edirəm deyənlər də var. Lakin başqasının şənlik qeyd etdiyini görüb içində qırılanlar da olur. Bir valideyn üçün övladın itirmək ağırdır. Eyni zamanda döyüşdə iştirak edənlər var ki, hələ evlərinə qayıtmayıblar.

Ağır döyüş şəraitində xidmət edirlər. O adamların döyüş yoluna baxanda isti evimizdə oturub, bayram qeyd etməyimiz doğru deyil”.