İDDİA! – “Məktəb direktorlarını icra başçıları təyin edir” – Özbaşınalığın mənbəyi ! 

“Yalnız 187 saylı yox, 70 faiz məktəb direktorunun davranışları ürəkaçan deyil”

“Hər zaman demişəm ki, əksər məktəb direktoru təhsil işçisi yox, siyasi fiqurdur”

“Təhsil Nazirliyinin onlara hökm etmək hüququ yoxdur”

Ötən gün Bakıda yerləşən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova karantin qaydalarını kobud şəkildə pozub. Sosial şəbəkələrdə N.Məmmədovanın özünə yubiley mərasimi keçirməsinə dair videogörüntülər yayılıb. Həmin görüntülər barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və fakt öz təsdiqini tapıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, N.Məmmədova karantin qaydalarını pozduğu üçün cərimələnib: 
“Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı sosial şəbəkədə yayılan video materiallar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal araşdırılıb. Nəticədə fakt təsdiqini tapıb.
Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən daha bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar yazılıb. Məclisdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”.


Baş verən hadisəyə münasibət bildirən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu “Sherg.az”a bildirib ki, yalnız 187 saylı yox, 70 faiz məktəb direktorlarının davranışları ürəkaçan deyil:

“Bir çox məktəb direktoru küçədə, ictimai yerlərdə pedaqoji işçiyə yaraşmayan hərəkət edirlər. Onlar pul verib vəzifə almış şəxslərdir. Rüşvət verdikləri isə icra hakimiyyəti başçılarıdır. Bu, çoxdan məlum olan məsələdir. Məktəb direktorlarını icra başçıları müəyyənləşdirir, daha sonra Təhsil Nazirliyi onları formal şəkildə təsdiq edir. Belə olduğu təqdirdə də məktəb direktoru icra başçısına tabe olmalıdır”.

Ekspertin sözlərinə görə, məktəb direktorlarının xoşagəlməz hərəkətlərə yol verməsinin günahını icra başçılarında axtarmaq lazımdır:

“Hər zaman demişəm ki, əksər məktəb direktoru təhsil işçisi yox, siyasi fiqurdur. Onlara nəzarəti icra başçıları edir. Təhsil Nazirliyinin məktəb direktorlarına hökm etmək hüququ yoxdur. Ola bilsin ki, sözügedən hadisə ictimailəşdi deyə, Nazirlik direktora cəza versin. Amma belə bir sual yaranır. Verilən cəza adekvatdırmı?

Bu adam dövlətin karantin qaydalarını pozub. Şiddətli töhmətin nə əhəmiyyəti var? Guya nə dəyişəcək ki? Hələ görün bu adam məktəbdə nələr edir. Onlar pulla təyin olunurlar deyə belə oyunlardan çıxarılar”.