Bəzi qurumlar rayonlara köçürülsün !- “Həm sərhədə yaxın olarlar, həm...”

“İdarəetmə ayrı yerlərdə də təmin olunar, həm də paytaxtdakı sıxlıq aradan qalxar”

“Onsuz da Azərbaycan o qədər də böyük ölkə deyil”

“Yəni paytaxtla əlaqənin kəsilməsindən narahat olmağa dəyməz”



Milli Məclisin növbəti plenar iclasında deputat Fazil Mustafa maraqlı təkliflə çıxış edib. O, bir neçə nazirliyin bölgələrə köçürülməsinin effektiv nəticə verə biləcəyini deyib: 
“Biz bir neçə nazirliyi, xüsusilə də Qarabağda daha çox layihələr həyata keçirən nazirlikləri Gəncə şəhərinə köçürərək bu şəhərdən prosesin idarə olunmasını təmin edə bilərik". Parlementarinin sözlərinə görə, bu yolla ölkənin ikinci böyük şəhərini daha aktiv vəziyyətə gətirə bilərik:

"Diqqət etsəniz, Rusiyada bir çox qurumlar Moskvadan Sankt-Peterburqa köçürülüb. Türkiyədə də belə bir ənənə var. Ankaradakı bəzi qurumlar öz fəaliyyətini İstanbul və ya bölgələr üzərindən həyata keçirirlər. Bu daha çevik idarətetməni həll edə bilər".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov səslənən təklifi “Sherg.az”a dəyərləndirib: 

“Dünya praktikasında belə təşəbbüslər var.

Malayziyanın paytaxtı Kuala-Lumpur olsa da, şəhərdən 25 km məsafədə Putrajaya adlı inzibati mərkəz yaradıblar və əksəriyyət dövlət orqanları, təhsil müəssisələri ora köçürülüb. Bir vaxtlar Qazaxstan da bəzi nazirlikləri vilayət mərkəzlərinə köçürmüşdü. Elə biz də vaxtı ilə bu təcrübədən istifadə etmişik. Yəni belə bir qərar məqsədəuyğundur. Nəticədə həm paytaxtdakı sıxlıq aradan qalxar, həm də idarəetmə ayrı yerlərdə də təmin olunar. Onsuz da Azərbaycan o qədər də böyük ölkə deyil. Yəni paytaxtla əlaqənin kəsilməsindən narahat olmağa dəyməz”.

S.Məmmədov hansı qurumlarının regionlara köçürülməsi məsələsindən də danışdı:

 “Əlbəttə, ilk növbədə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsini başqa rayona köçürmək lazımdır. Çünki işğaldan azad olunmuş rayonlarda əhalinin yerləşdirilməsi məhz onun vəzifəsidir.

Əgər bu qurum, məsələn Gəncədə yerləşsə, sərhədə daha yaxın olar. Nəticədə işinin effektivliyi də təmin edilər. Həmçinin regionlarla əlaqəli olan digər qurumların, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bölgələrə köçürülməsini məqsədəyuğun hesab edirəm.

Fəqət bunu Müdafiə Nazirliyinə şamil etmək olmaz. O, mərkəzdə olmalıdır. Onsuz da həmin nazirliyin yerlərdə qoşun birləşmələri var”.