““Yumşaq devalvasiya” yolunun tutulması daha yaxşıdır” - AÇIQLAMA

“Və bu barədə əvvəlcədən xəbərdarlıq edilməlidir”

“Məsələn deyilməlidir ki, qarşıdakı üç ilin hər birində manatın qiyməti 10 faiz ucuzlaşacaq”

“Prosesin uzadılması, “yol xəritəsi”nin əvvəlcədən hazırlanmaması daha kəskin devalvasiyalara səbəb ola bilər”


Ötənlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2021-ci ilin büdcə zərfinin müzakirəsi keçirilib. Müzakirələrdə Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, komitə üzvləri və digər şəxslər də iştirak ediblər. Maliyyə naziri Samir Şərifov deyib ki, 2020-ci ildə pandemiyanın insanlara təsirinin aradan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Nazirin sözlərinə görə, ilin sonunadək iqtisadiyyatımızın 4 faizədək kiçilməsi gözlənilir:

“2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək vacib tədbirlər var. Eyni zamanda dövlət sərhədlərinin bərpası üçün də vəsaitlər nəzərə alınıb. 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri “Büdcə sistemi haqqında” qanuna uyğun şəkildə qurulub. Prezidentin müəyyən etdiyi qeyri-neft sektorunun inkişafı və s. əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb”. Nazir bildirib ki, Silahlı Qüvvələrə kifayət qədər çox vəsait ayrılması nəzərdə tutulur: “Ümumilikdə, müdafiə xərclərinin cəmi 4,6 milyard manata bərabərdir”. “Xəzinədə 500 mln. manat qalıq qalacaq...”

Mərkəzi bankın sədri Elman Rüstəmov isə təlaşa ehtiyac olmadığını vurğulayıb:

“Son günlər Azərbaycan manatının devalvasiyaya uğraması ilə bağlı şayiələr yayılır. Amma bunun üçün heç bir əsas yoxdur”.  “Mən vətəndaşlarımızı bu cür şayiələrə inanmamağa çağırıram”, - deyə o qeyd edib.



"Belə bir vəziyyətdə manatın taleyi nə olacaq?” sualını “Sherg.az” cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli ən optimal yolu göstərib: 

“Təəssüf ki, “manatın məzənnəsi” iqtisadi kateqoriya olmaqdan çıxıb. Məzənnə birjada müəyyən olunmur, inzibati qaydada tənzimlənir. “Üzən məzənnə” termini isə 2018-ci ildən unudulub.

Deməli, “üzən məzənnə”yə keçmək mümkün deyil. Bunun üçün lazımi əsaslar yoxdur, o cümlədən “oyunçu”ların sayı kifayət qədər deyil. Belə olan halda, “yumşaq devalvasiya” yolunun tutulması, məncə, daha yaxşıdır.

Və bu barədə əvvəlcədən xəbərdarlıq edilməlidir. Məsələn deyilməlidir ki, qarşıdakı üç ilin hər birində manatın qiyməti 10 faiz ucuzlaşacaq. Belədə həm “oyunçu”lar, həm də əhali gələcək vəziyyətə hazır olar, işini buna uyğun tənzimləyər.

Səsləndirdiyim variant daha səmimi və məntiqlidir. Onsuz da gec-tez devalvasiya olacaq. Prosesin uzadılması, “yol xəritəsi”nin əvvəlcədən hazırlanmaması daha kəskin devalvasiyalara səbəb ola bilər”.

Ekspertin fikrincə, indiki mürəkkəb şəraitdən minimum itki ilə çıxmaqdan ötrü kompleks addımlar atılmalıdır: 

“Konkret “resept” söyləmək çətindir. Bir neçə üsuldan yararlanmaq lazımdır. Çünki bir metodu fərqli istiqamətlərə- həm iqtisadi aktivliyin canlandırılmasına, həm işğaldan azad olunmuş torpaqlardakı bərpa işlərinə, həm pandemiyanın gətirdiyi zərərlərdən çıxmağa, həm də büdcə kəsrinin həcminin kiçildilməsində tətbiq etmək mümkün deyil.

Əslində üsullar da elə çox deyil. Ya Neft Fondundan daha çox vəsait ayırılmalı, ya xarici borclanma həcmi artırılmalı, ya da devalvasiyaya gedilməlidir. Bunların hər birinin əks-təsirləri ola bilər.

Ona görə də bir neçə  istiqamət üzrə eyni anda, koordinə olunmuş formada fərqli əməliyyatlar icra edilməlidir.
Amma fəlsəfi mənada yeganə yol şəffaflıq və ictimai nəzarətdir. Nəticədə izafi xərclər azalacaq”.