Şuşada konsert ! – “Qarabağ şikəstəsini səsləndirəndə...” 

Şuşa şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə son 30 ilin ilk konserti keçirilib. Bir qrup sənətçi Şuşaya yola düşüb. Onların içərisində xanəndə Təyyar Bayramov, Mirələm Mirələmov, Almaz Orucova, qarmon ifaçısı Ənvər Sadıqov müğənni Tünzalə Ağayeva, Abbas Bağırov, Azad Şabanov da olub. Konsertin aparıcılığını KVN teatrının bədii rəhbəri Tahir İmanov öhdəsinə götürüb.

Təyyar Bayramovun oğlu Kənanın Bayatı-Şirazı səsləndirməsi isə hər kəsi kövrəldib. Gənc xanəndə səsi ilə Cıdır düzünü “titrədib”. Biz də baxıb, kövrəlirik, sevinirik. Bir də gedənlərdən təəssüratlarını öyrənib, xəyalımızda Şuşaya yollanırıq.

Almaz Orucova ilə həmsöhbət olub təəssüratlarını öyrəndik. Sənətçi “Sherg.az”a söylədi ki, mədəniyyətimizin iqamətgahı olan Şuşaya ayaq basmaq ona təkrarolunmaz hisslər yaşadıb:

“Şübhəsiz hər birimiz üçün qürurvericidir. O torpaqlardan keçəndə keçirdiyim hisləri izah edə bilmərəm. Şəhidlərimizin qanı bahasına alınan müqəddəs torpaqlara addım atmağa insan çəkinir.
Mənfur Paşinyanın orda yallı getməsinin layiqli cavabını xalqımız da, ordumuz da verib. Amma biz də bu konserti etməliydik. Qarabağ şikəstəsini səsləndirəndə əsgərlərimiz şəhidlərin ruhlarına öz hörmətlərini göstərdilər.
Orda zəfər, birlik yürüyüşü etdilər. Bu yaşadıqlarım keçirdiyim hisslərin ən ülvisidir.
Bundan sonra Qarabağda çox konsertlər olacaq. İlk tədbirə də biz imza atdıq. Ona görə dövlətimizə, prezidentimizə minnətdarıq.
Sənət dostlarıma da arzulayıram ki, Qarabağda neçə-neçə konsertlərdə iştirak etsinlər”.