Jurnalistdən unikal təşəbbüs: Bayramı səngərdə keçirəcəklər – ALQIŞLANDI !

Bu günlərdə “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı maraqlı təklif irəli sürüb. Jurnalist Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü əsgərlərimizlə birlikdə keçirməyi düşünür:


“Bayram üçün xərcləyəcəyimiz pulu yığıb əsgərlərimizə sovqat alacağıq. Çünki bayram keçirmək haqqı daha çox onlarındır. Qoy bu dəfə əsgərimiz şən olsun, şad olsun, biz onların ayağına gedib o şən üzlərini görməkdən başqa heç nə arzulamırıq”.

E.Muradlı irəli ortaya qoyduğu təşəbbüslə bağlı “Sherg.az”a da açıqlama verib:

“Sosial şəbəkələrdə müəyyən müzakirələr başalamazdan öncə bir azərbaycanlı olaraq düşündüm ki, şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuz var. Bu borc bizi ürəkdən gülməyə və şənlənməyə qoymur. Hazırda da xidmət edən əsgərlərimizə borcumuz var. Düzdür, döyüşlər gedən ərəfədə öz imkanlarımız çərçivəsində əsgərlərimizə sovqatlar göndərirdik, mənəvi dəstəyimizi göstərirdik. Lakin bu dəfə düşündüm ki, Yeni ili təmtəraqlı keçirməyə hansısa zərurət yoxdur. Nə qədər qələbəyə sevinsək də, bayramı keçirmək əhval-ruhiyyəsində deyilik. Belə qərara gəldik ki, Yeni ildə bazarlıq üçün xərcləyəcəyimiz pulu əsgərlərimiz üçün yığıb, onlara sovqat göndərək. Qoy bayramı onlar keçirsin. Çünki onların haqqı daha çoxdur. Parlament Jurnalistləri Birliyi bu təklifimi dəstəklədi. Tanınmış telejurnalist Qulu Məhərrəmli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Teleqraf” holdinqin rəhbəri Aynur Camal, “APA” holdinqin rəhbəri Vüsalə Mahirqızı, hüquqşünas Ərşad Hüseynov və digər dostlarımız bu aksiyaya qoşuldu. Artıq Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, eləcə də Prezdentin köməkçisi Hikmət Hacıyevə rəsmi müraciət etmişik. Bu müraciət Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı və mənim adımdan edilib. İcazə verilsə, təxminən 10 nəfərlik heyətlə özümüz gedib sovqatları əsgərlərimizə təqdim edəcəyik. İstəyərdik ki, bu səfər Kəlbəcər rayonunda baş tutsun. Kəlbəcər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ili əsgələrimizə birlikdə keçirmək üçün simvolik məna daşıyır. Eyni zamanda qış ayı ilə əlaqədar olaraq Kəlbəcərdə vəziyyət daha çətindir deyə oradakı əsgərlərimizə sovqat çatdırmaq istəyirik”.

Media nümayəndələri sözügedən təkliflə bağlı fikirlərini “Sherg.az”la bölüşüblər.



“...Sevə-sevə gedərəm”

“Yeniçağ.az”ın reportyoru Səxavət Məmməd təşəbbüsün çox gözəl olduğunu deyib:

“1994-cü ildən bu günə qədər hər məclisdə, hər toyda, bayramda istər rəsmilərmiz, istərsə də, xalq deyirdi ki, növbəti toyu, bayramı Şuşada, Cıdır düzündə keçirək. Artıq bu arzu da gerçək olmaq üzrədir. Təsəvvür edin, yeni ili işğaldan azad edilmiş torpaqlarda keçirmək necə gözəl olardı. Özü də əsgərlərlə birgə. Belə bir təşəbbüsü alqışlayıram. Real olacaqsa, bundan gözəl heç nə ola bilməz. Şəxsən mən illərdir ki, Yeni ili və Novruz bayramını əsgərlərlə bir yerdə qeyd edirəm. Hətta bir dəfə anam dedi ki, “Bayramı nə vaxtsa evdə qeyd edəcəksən?”. Dəfələrlə olub, bayram üçün Ağdama getmişəm ki, valideyinlərimlə bir yerdə qeyd edim. Elə alınıb ki, həmin bayramı səngərdə keçirmişəm. Açığı bu il üçün də elə bir planım var idi. Özümün istəyimdən əlavə, təklif etsələr, Elməddin Muradlı desə ki, “Gəl gedək əsgərlərlə birgə qeyd edək”, sevə-sevə gedərəm. Çox gözəl təşəbbüsdür. Əsgərlərin daim yanında olmalıyıq. Xüsusən, qalib əsgərin yanında olmaq daha gözəl bir şey olardı”.



“Əla ideyadır, qalib əsgərlərimiz diqqətdə saxlanmalıdır”

“Azvision.az” saytının əməkdaşı Tural Tağıyev bildirin ki, Azərbaycanın media nümayəndələri əvvəlki illərdə də maksimum dərəcədə əsgərlərimizi, xüsusən də cəbhə bölgəsində xidmət aparan hərbçiləri diqqətdə saxlayıblar:

“Xatırlayıram ki, dəfələrlə mediaturlar və.s bu tip səfərlər olurdu. O ki, qaldı indiki bayram günü ilə bağlı təklifə, düzü pandemiya bu cür tədbir və təkliflərin yüksək səviyyədə reallaşdırılmasına bir qədər mane olur. Məsələn, mən böyük məmnuniyyətlə iştirak edərdim, amma təəssüf ki, səhhətimdə yaranan problemlə əlaqədar heç yerə gedə bilmirəm. Əlbəttə, bayramlarda onları ziyarət etmək əla ideyadır, qalib əsgərlərimiz, ordumuz daim diqqətdə saxlanmalıdır. Təəssüf ki, səhhətim buna imkan vermir...”.



“Hər zaman ordumuzun yanında olmalıyıq”

Jurnalist İlkin Pirəli söyləyib ki, Azərbaycanın Rəşadətli Ordusu ilə bağlı səsləndirilən bütün təkliflər müsbət qiymətləndirilməlidir:

“Əsgərlərimiz ən böyük mükafatlara layiqdirlər. Bu ilin sentyabrın 27-də başlayan və noyabrın 9-da başa çatan 44 günlük müharibə bir daha göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir. Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə hansı qəhrəmanlıqları göstəriblər, bunu hər kəs bilir. Ona görə də biz hər zaman ordumuzun yanında olmalıyıq.

Təkcə Yeni ildə deyil, bütün bayramlarda əsgərlərimiz yaddan çıxmamalıdır. Xüsusilə qeyd etmək istərdim ki, biz heç vaxt şəhid ailələrini unutmamalıyıq. O ailələr dövlətə, xalqa əmanətdir. Bayramda da, adi günlərdə də şəhid ailələri ziyarət edilməlidir. Elə olmalıdır ki, həmin ailələr narazı qalmasınlar, şikayət etməsinlər.
Əslində şikayət deyil, tələb etməlidirlər. Mən özüm də bayram ərəfəsində şəhid ailəsini ziyarət edəcəyəm”.