“Daha 7 rayonda milli valyutadan istifadə olunacaq”

“Mərkəzi Bankın prioritetlərindən biri də manatın bütün Azərbaycan ərazisində istifadə olunmasıdır”

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, yaxın zamanlarda bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək. E.Rüstəmov bu barədə parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib. O, qeyd edib ki, Azərbaycan böyük qələbə qazandı və Ali Baş Komandanın rəhbərliyi ilə növbəti ildə də bu qələbənin təsiri altında özünün intibah dövrünü yaşayacaq:
“Azərbaycan daha da güclənəcək, beynəlxalq nüfuzumuz artacaq”.

Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, Mərkəzi Bankın müəyyən etdiyi prioritetlərdən biri də manatın bütün Azərbaycan ərazisində istifadə olunmasıdır:

“Uzun müddət idi ki, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. Praktiki olaraq həmin ərazilərdə milli valyutamızdan istifadə olunmurdu. 
Artıq ərazi bütövlüyümüz bərpa edilib və bunun üçün manatın bütün Azərbaycan ərazisində istifadə imkanları genişləndirilir. 
Xüsusən vətəndaşlarımız azad edilən 7 rayonda yenidən məskunlaşdıqdan sonra milli valyutadan istifadə edəcəklər. 
Eləcə də manatın istifadə coğrafiyasının genişlənməsini də müşahidə edirik”.

V.Bayramov qeyd edib ki, 2021-c ilin dövlət büdcəsindən işğaldan azad edilən ərazilərimizin bərpası üçün 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur:
“Bu, o deməkdir ki, növbəti dövlərdə manatın mərhələli şəkildə istifadə coğrafiyasının daha da genişlənməsini müşahidə edəcəyik”.