Çavuşoğlu Soçiyə dəvət olundu ! – Masada ciddi mövzular var – Qərbə MESAJ !

“Bayden rəsmi Ankara ilə əməkdaşlıq edəcəksə, onda Kremllə münasibətlər yenidən kəskinləşə bilər”

“Yox, ABŞ-ın yeni prezidenti sanksiyaları davam etdirsə, onda Qərbə qarşı mübarizə üçün Türkiyə ilə Rusiya yaxınlaşa bilərlər”

 “Dekabrın 29-da Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə bizim ölkəmizə, Soçi şəhərinə işgüzar səfər edəcək”. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, M. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün Soçiyə gələcək.



Səfərin əhəmiyyətini “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev müzakirə predmetlərini açıqlayıb: 

“Öncə onu deyim ki, Türkiyə və Rusiya nə qədər qatı düşmən olsalar da, son vaxtlar, belə demək mümkünsə, mehriban düşmənə çevriliblər. Düzdür, kəsişən maraqlar olduğu kimi qalır.

Lakin eyni zamanda tərəflər arasında 20 milyard dollarlıq ticarət dövriyyəsi olur. Üstəlik, onlardan hər ikisinin artan nüfuzu beynəlxalq aləmdə qıcıq yaradır.

Ona görə də əməkdaşlığa məcbur, hətta məkhumdurlar. Eyni zamanda Tramp administrasiyasından sonra dünyada geopolitik boşluğun yarandığını nəzərə almaq lazımdır.

Beləliklə, ayrı-ayrı məsələləri, o cümlədən Qarabağ problemi ətrafında üçlük, dördlük formatlar müzakirə aparır. Türkiyə ilə Rusiya arasında münasibətlərin hələ bir müddət belə davam edəcəyinə inanıram. Əgər Bayden rəsmi Ankara ilə əməkdaşlıq edəcəksə, onda Kremllə münasibətlər yenidən kəskinləşə bilər.

Yox, ABŞ-ın yeni prezidenti sanksiyaları davam etdirsə, onda Qərbə qarşı mübarizə üçün Türkiyə və Rusiya bir-birilərinə daha da yaxınlaşa bilərlər. Daha dəqiq desək, Türkiyə Qərblə mübarizə aparmaq naminə Moskva ilə yaxınlaşacaq.

Görüşün əsas mövzusu məhz bu məsələ olacaq. Eyni zamanda Suriya, Libya və Qarabağ “düyün”ləri ətrafında danışılacaq”.