Azərbaycanda devalvasiya üçün zəmin yoxdur

Vəziyyəti daha yaxşı analiz etmək mümkündür

İqtisadçı-ekspert: “2015-ci ildəki çıxışından fərqli olaraq bu gün Mərkəzi Bankın rəhbərinin haqlı olduğunu düşünürəm”

“Ümumilikdə 2020-ci ildə Azərbaycan iqtisadiyyatı daxili və xarici şoklara adekvat cavab verib”. Bunu Milli Məclisin dünən keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. AMB sədri bildirib ki, dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmaq, azad olunmuş ərazilərin yenidən qurulması işlərinə başlanması əsas vəzifələrdəndir:

“Növbəti ildə büdcə xərcləri kontrsiklik olmaqla sabitliyə yönəlib. Son illər büdcə kəsirinin artması müəyyən narahatlıq doğurur. Onun qeyri-dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsi bunu deməyə əsas verir. Büdcə kəsirinin daha dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsinə ehtiyac var. Gələn ilə 3-4 faiz inflyasiya proqnozlaşdırırıq. Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın”.

İqtisadçı-ekspert Rövşən Ağayev “Şərq”ə açıqlamasında Mərkəzi Bankın rəhbərinin fikirlərini şərh edərkən qeyd edib ki, hazırda Azərbaycanda devalvasiya üçün zəmin yoxdur. 2015-ci ildəki çıxışından fərqli olaraq bu gün Mərkəzi Bankın rəhbərinin haqlı olduğunu düşünürəm:

“Hazırda işgüzar fəallığın səviyyəsinə, valyuta tələbinin səviyyəsinə, potensial olaraq xarici valyutaya çevrilə biləcək likvid manat yığımlarının miqyasına, kapital qaçışı üçün imkanlara, tədiyə balansının hazırkı göstəricilərinə baxdıqda vəziyyəti daha yaxşı analiz etmək mümkündür”.

Amma ekspert onu da qeyd edib ki, kimsə 3 və ya 6 aydan sonra situasiyanın necə ola biləcəyini də proqnozlaşdıra bilməz:

“Qlobal iqtisadiyyatda, eləcə də geopolitik səhnədə son dərəcə qeyri-müəyyən şərait hökm sürür.

Pandemiyanın davametmə müddəti bu qeyri-müəyyənliyi artıran əsas səbəblərdən biridir”.