Ermənistan borc içindədir

44 günlük müharibə Ermənistanın iqtisadi həyatını söndürdü

"Genişmiqyaslı xalq etirazı sadəcə Paşinyanın deyil, bütün siyasi qüvvələrin yaxasına yapışacaq, onlardan hesab soruşacaq"

Koronavirus səbəbindən ağır duruma düşmüş Ermənistan iqtisadiyyatı 44 günlük müharibədən sonra öz tənəzzül dövrünə qədəm qoydu. İrəvandakı Qafqaz İnstitutunun əməkdaşı, iqtisadçı Hrant Mikaelyanın bildirdiyinə görə, Dağlıq Qarabağdakı hərbi əməliyyatların iqtisadi fəsadlarının ən böyük yükü xidmət sektoru və maliyyə sisteminin üzərinə düşüb.

İqtisadçı Dağlıq Qarabağdakı döyüşlərin Ermənistan iqtisadiyyatına iki cəhətdən təsir etdiyini bildirib: “Xidmət sektoru çətin vəziyyətə düşüb. Müharibə ilə birlikdə ermənilərin gündəlik ictimai fəallığı azalıb və bunun iqtisadi artıma mənfi təsir göstərəcəyi qaçılmazdır. Müharibə maliyyə sisteminə də mənfi təsir göstərib. Dövlətin müharibə, qaçqınlar və infrastruktur problemləri ilə əlaqədar öncədən hesaba alınmamış əlavə xərclər əmələ gəlib”. 
Mikaelyan vurğulayıb ki, Türkiyə ilə sərhəd açıq olsaydı, Ermənistan həm Türkiyəyə, həm də Avropaya daha çox ixrac edə bilərdi, öz iqtisadiyyatını çeşidləndirə bilərdi”. 

“BBC Türkçe”yə açıqlamasında “Türk-Erməni” Biznes İnkişafı Şurasının həmsədri Kaan Soyakın sözlərinə görə, toqquşmalar başladıqdan sonra Ermənistanda bizneslər və banklar dayanma nöqtəsinə yaxınlaşıb. Müharibənin davam etdiyi zamanda malların daşınmasında çətinliklər dərinləşib və iflaslar baş verib. Soyak Dağlıq Qarabağdakı qarşıdurmaların birbaşa Ermənistanın paytaxtı Yerevanda özünü göstərdiyini bildirib: “İşlər dayanıb, pandemiya ilə iqtisadiyyata onsuz da ciddi ziyan dəyib və Dağlıq Qarabağdakı döyüşlər ticarət sektorunun dayanmasına və malların daşınmasına səbəb olub”. 

Ermənistan Mərkəzi Bankı bu il koronavirusa görə ölkə iqtisadiyyatının 6,2 faiz azalacağını təxmin edirdi. Qurum 2021-ci ildə isə iqtisadi artımın yenidən 5 faizə yüksələcəyini proqnozlaşdırırdı. Amma gözləntilər müharibə səbəbindən fiaskoya uğradı. Avropa Yenidənqurma və İnkişaf Bankı da bu il Ermənistan iqtisadiyyatının kifayət qədər azalacağını proqnozlaşdırır. 

İqtisadçı Sam Bhutinin "Eurasianet" xəbər saytında yazdığına görə, Ermənistan iqtisadiyyatının daha bir problemi ondan ibarətdir ki, o, Rusiyadan asılıdır. Rusiyanın Ermənistanın ən böyük ticarət tərəfdaşı və immiqrasiyanın ən çox istiqamətləndiyi ölkə olması, Ermənistan iqtisadiyyatını Rusiyada baş verən siyasi və iqtisadi hadisələrə qarşı kövrək vəziyyətə salır. 
Ekspertlərə görə, Ermənistanda gənclər arasında işsizlik göstəricisi 35 faizdir. Bu, ölkədəki işçi qüvvəsinin digər ölkələrə köç etməsinə səbəb olur. Ermənistan əhalisi 3 milyona yaxın olduğu halda, 7 milyon erməni xaricdə yaşayır. Ermənistan XİN-dən verilən açıqlamada bildirilir ki, xaricdə yaşayan erməniləri ölkəyə qayıtmağa və məşğulluğa qatılmağa təşviq edən siyasət yoxdur: “Korrupsiyanı ortadan qaldıraraq, ədaləti bərqərar edərək sistemə inamı qaytaracağıq, bu, onların geri dönməsini təmin edəcək ən əsas elementdir”. 

Düşmən ölkənin ağır iqtisadi durumunu “Şərq”ə dəyərləndirən siyasi şərhçi Fuad Heydər bildirib ki, Baş nazir Nikol Paşinyan hakimiyyətə iqtisadiyyatı inkişaf etdirmək vədləri ilə gəlmişdi, amma bunu nəinki bacarmadı, hətta mövcud iqtisadi potensialı da məhv etdi. Ekspertin sözlərinə görə, xarici qüvvələrin və erməni lobbisinin bütün yardımlarına baxmayaraq, Paşinyanın səriştəsizliyi ölkə iqtisadiyyatını tənəzzülə sürüklədi:

“Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən iqtisadi artım əvəzinə ölkəni daim geri apardı, problemlər daha da çoxaldı, işsizlik artdı, sosial layihələrin heç biri reallaşmadı. Baş nazir problemləri aradan qaldırmaq üçün demək olar ki, heç nə etmədi.

Sadəcə absurd siyasi bəyanatlar səsləndirdi, vəziyyəti gərginləşdirdi. 44 günlük müharibənin acı nəticələri isə Ermənistanın iqtisadi həyatını söndürdü.

Ölkə borc içindədir. Heç bir erməni ölkənin xoşbəxt gələcəyinə ümid bəsləmir. İqtisadçıların proqnozlarına görə, Ermənistana on illər lazımdır ki, iqtisadiyyatını bir qədər dirçəltsin”. 

Analitikin fikrincə, Yerevan hökumətinin vəziyyətdən yeganə çıxış yolu Türkiyə və Azərbaycanla normal əməkdaşlıq qurmaqdır:

“Şübhəsiz, bunun üçün Yerevan hökuməti həm Azərbaycanı, həm də qardaş ölkəni razı salmalı, ərazi iddialarından əl çəkməli, şərtlərimizi qəbul etməlidir. Əks halda hər gün güclənən etirazlar kütləvi hal alacaq. Genişmiqyaslı xalq etirazı sadəcə Paşinyanın deyil, bütün siyasi qüvvələrin yaxasına yapışacaq, onlardan hesab soruşacaq.

Elə vəziyyət yaranacaq ki, ölkədə məsuliyyəti öz üzərinə götürəcək siyasi qüvvə tapılmayacaq. Çünki bu gedişlə iqtidar, yaxud müxalifətin nəyisə düzəltmək imkanı sıfıra bərabərdir”.