Təklif dəstəkləndi !- “İşğalın nəticələrini ekranlaşdırmaq üçün...”

“...Bacarıqlı, gənc, dinamik yazıçılarımız, rejissorlarımız çoxdur”

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Məclisin büdcə müzakirələrinə həsr olunmuş iclasında çıxış edib. O, bir sıra əlavə təkliflər verib. 

Cənab Prezidentin dünən bir daha işğaldan azad edilmiş bölgələrə səfər etdiyini vurğulayan Q.Paşayeva dövlət başçısının da dediyi kimi, vəhşi düşməndən azad edilmiş torpaqlarımızda bütün digər dağıntılar kimi, abidələrin, ibadətgahların, muzeylərin də viran edildiyini, bir hissəsininsə - məsələn, qıpçaq alban kilsələrinin “erməniləşdirdiyi”ni bildirib.

Ona görə də 2021-ci il büdcəsində mədəniyyət abidələrinin bərpası, o cümlədən işğalın nəticələrinin dünyaya tanıdılması məqsədi ilə filmlərin çəkilməsi üçün vəsaitin nəzərdə tutulmasını təqdir edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçı Anar təklif barədə fikirlərini “Sherg.az”la bölüşüb:

"Əlbəttə, yaxşı olar. Təki olsun. Fikrimcə, lazımi şərait yaratmaq ən mühüm məsələdir. Bundan sonra kifayət qədər iş görmək olar. İşğalın nəticələrini ekranlaşdırmaq üçün bacarıqlı, gənc, dinamik yazıçılarımız, rejissorlarımız çoxdur”.