Soçi görüşü ! - “İndi Rusiyanın Türkiyəyə ehtiyacı var” – Detallar aydınlaşır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya işgüzar səfər edəcək. 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova  keçirdiyi birifinqdə bildirib.
O, M. Çavuşoğlunun səfərinin Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında dekabrın 29-da baş tutacağını və nazirlərin görüşünün Soçi şəhərində keçiriləcəyini qeyd edib:

“Sergey Lavrov və Mövlud Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Soçidə keçiriləcək iclasında görüşəcəklər. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq. Bundan başqa, nazirlərin görüşündə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatının həyata keçirilməsi və eləcə də Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işi diqqət mərkəzində olacaq”.

Görüş barədə “Sherg.az”a danışan BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidov müzakirə predmetlərini açıqlayıb: 

“Ümumiyyətlə, son illər ayrı-ayrı məsələlərlə bağlı belə iki tərəfli görüşlər çox olur. Bu dəfə, şübhəsiz, Qarabağ konflikti müzakirə ediləcək. Düzdür, müharibə bitib. Amma həll edilməmiş məqamlar, cavabsız suallar da az deyil. Məsələn birgə monitorinq mərkəzində tərəflərin səlahiyyətləri, qaçqın və məcburi köçkünlərin Qarabağa yerləşməsi və s. belə problemlərdəndir. Yəni görüşdə detallar masaya çıxarılacaq”.

S.Zahidovun firkrincə, tərəflər qarşılıqlı münasibəti kompromis üzərində qurublar: 

“Türkiyə və Rusiyanı bir-birinə düşmən hesab edənlərin fikri yanlışdır. Onlar düşmən deyillər. Xüsusilə indi Rusiyanın Türkiyəyə ehtiyacı var. Nəzərə almaq lazımdır ki, Kremlin NATO ilə münasibətləri gərgindir.

Bu qurum daxilində Moskvaya ən yaxşı münasibət göstərən məhz Türkiyədir. Üstəgəl, rəsmi Ankara indi təkcə NATO üzvlərilə yox, bütün ölkələrlə səmimi dialoqlara hazırdır. Moskva bunu görür və yaxşı başa düşür. Eyni zamanda tərəflər arasında iqtisadi əməkdaşlıq, o cümlədən enerji layihələri var. Yəni onlar strateji müttəfiqdir.

Bilirsiniz ki, Türkiyə ABŞ-la münasibətlərin kəskinləşməyinə rəğmən, Rusiyadan S-400-ləri aldı. Putin bunu unuda bilməz. Onun bir həftə əvvəl Türkiyə prezidenti ünvanına dediyi xoş sözlər də fikrimizi sübut edir. Odur ki, tərəflər arasında ciddi problemlərin yaranacağına inanmıram. Türkiyənin nə edəcəyi, necə davranacağı Kreml üçün daha aydındır, nəinki Qərbin.

Moskva hansısa məsələyə, xüsusilə Azərbaycanın haqlı olduğu Qarabağ “düyün”ünə görə Türkiyə ilə münasibətləri heç bir halda korlamaq istəməz. Ankara Moskva üçün əhəmiyyətli partnyordur. Ona görə maraqlarını nəzərə alacaq”.