Siyasi partiyalara maliyyə dəstəyi ! – “Şərait yaradılır, amma... ”

“...Ümid edirəm ki, bundan sonra atılan addımlar yalnız maliyyə sahəsində deyil, digər sahələrdə də olacaq”

“Nəhayət Azərbaycanda normal siyasi fəaliyyət üçün imkanlar yaradılacaq”

Bu gün Milli Məclis komitələrinin birgə iclası keçirilib. İclasda “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb. Parlament sədrinin müavini Fəzail İbrahimli bildirib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olundu, siyasi partiyalar haqqında fikir və mülahizələr irəli sürüldü.

F.İbrahimli qeyd edib ki, hazırda humanist bir qanun layihəsi bizim müzakirəmizə verilib:

“Layihəyə görə, 17-1-ci maddəyə  edilən dəyişiklik yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə mandat qazanaraq parlamentdə təmsil olunan və yeni qeydiyyatdan keçən partiyaların maliyyə problemlərinin həllinə dəstək verəcək. Yeni qanunda vəsaitin verilmə müddəti müəyyən olunur. Bu qanun dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılmış vəsaitin bölüşdürülməsində tam ədalətli yanaşmanı ortaya qoyur”.
Aparılan müzakirələrin yekununda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Dəyişikliyə münasibət bildirən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Sherg.az”a açıqlamasında siyasi partiyalara maliyyə dəstəyinin nəzərdə tutulmasını müsbət qiymətləndirib:

“Prezident Aparatında keçirdiyimiz görüşlərdə də söz verildi ki, siyasi partiyalar haqqında olan qanuna, o cümlədən siyasi partiyaların maliyyələşməsi məsələlərinə yenidən baxılacaq.

Bu məsələyə daha geniş konteksdə baxılmağı və Azərbaycanda daxili siyasi münasibətlərin normallaşması üçün atılan addımı müsbət qiymətləndirirəm. İstərdim ki, bu addımlar kompleks şəkildə, sistemli və ardıcıl olsun.

Əlbəttə, Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün normal şəraitin yaradılması istiqamətində atılan bütün addımlar yaxşıdır. Ümid edirəm ki, bundan sonra atılan addımlar yalnız maliyyə sahəsində deyil, digər sahələrdə də olacaq.
Nəhayət Azərbaycanda normal siyasi fəaliyyət üçün imkanlar yaradılacaq”.