“Putin Ərdoğanı sonadək dinləyir” – “Buzları əridən” amillər... 

“Məhz bu yaxınlaşmalar Rusiya liderini bir dövlət başçısı kimi daha da püxtələşdirib”

“Türkiyəni yanında görmək həm Qara dənizdə, həm Aralıq dənizində, həm də Orta Şərqdə Kremlin maraqlarına uyğundur”

“Qarşılıqlı əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir. Elə buna görə də bəzi anlaşılmazlıqları asanlıqla görməzdən gələ bilirlər”


 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən Rusiya ilə münasibətlərə də toxunub. ,O qeyd edib ki, Türkiyənin hazırda əlaqələrinin ən yüksək səviyyədə olduğu ölkələrdən biri də Rusiyadır: “Ümid edirəm ki, Rusiya ilə siyasi, hərbi, iqtisadi, mədəni əlaqələrimiz bundan sonra da yüksək səviyyədə davam edəcək”.

“Vladimir Putinin mənim haqqımda düşüncələrindən məmnun oldum. Eyni düşüncəni mən də cənab Putin haqqında ifadə edirəm. O da verdiyi sözə əməl edir”- deyə, Türkiyə dövlət başçısı əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya dövlət başçısı ənənəvi illik mətbuat konfransında türkiyəli həmkarının sözünə əməl edən bir adam olduğunu vurğulamışdı. 

 Qarşılıqlı komplimentlər tərəflər arasındakı “buzların əridiyini” göstərir. Görünür, bu iki lider “mehriban düşmən” olmağa qərar veriblər.



Politoloq Natiq Miri bunu daha çox liderlər səviyyəsindəki münasibətlə əlaəqləndirib. O, məsələyə dair fikirlərini “Sherg.az”la bölüşüb: 
“Türkiyə və Rusiya arasındakı münasibətlərə dövlət maraqları yox, iki liderin bir-birini bəyənməsi nöqteyi-nəzərindən baxmaq lazımdır. Düzdür, dövlət maraqları bir çox məsələlərdə, o cümlədən Suriya, Liviya və Orta Asiyada toqquşur.

Amma iki liderin münasibəti potensial toqquşmaların qarşısını alır. Dünyada belə liderlərin çox az olması onları bir-birinə daha da yaxınlaşdırmaqla yanaşı, həm də ortaq məxrəcə gəlmələrinə, bir-birilərini başa düşmələrinə şərait yaradır.

Bu iki qətiyyətli liderin hər ikisi dinləmə mədəniyyətinə sahibdir və verdikləri vədə əməl edir. Putinin əksər dünya liderlərini çox dinləməyi sevməməsi aydındır. Amma Ərdoğana sonadək qulaq asır. Çünki ona etibar edir.

Putinin hətta türkiyəli həmkarının imzası olmadan da, onun sözünə inanar. Ərdoğanın əqidəsi, dürüstlüyü buna imkan verir. Hətta, bəlkə, dünya miqyasında da onuntək lider yoxdur. Məncə, Putinin Ərdoğandan öyrənəcəyi çox şey var. Hətta məhz bu yaxınlaşmalar Rusiya liderini bir dövlət başçısı kimi daha da püxtələşdirib. Tərəflər arasında qarşılıqlı etimaddan gələn bir çox proseslər başladılıb. Onlardan ən başlıcası da, heç şübhəsiz, Qarabağ konfliktinin həllidir”.

N.Miri tərəflər arasındakı maraqların geosiyasi məqamlarından da danışdı: 

“Ərdoğanı xarizmatik edən ən əsas amillərdən biri də onun müstəqil qərar verməsidir. O, ABŞ-ın sərt təzyiqlərinə rəğmən, şimal qonşumuzdan S-400-ləri aldı. Moskva bunu necə nəzərə almaya bilər? Ümumiyyətlə, Türkiyə dövlət başçısı qərar verərkən nə ABŞ-ın, nə Aİ-in, nə də NATO-nun maraqlarını düşünür. Ancaq öz milli və dövlət maraqlarını nəzərə alır.

Türkiyə NATO-nun ikinci ölkəsi, bölgədə ən böyük güc sahibidir. Rəsmi Ankara olmadan regional və ya qlobal problemin həlli mümkün deyil. 

Türkiyəni yanında görmək həm Qara dənizdə, həm Aralıq dənizində, həm də Orta Şərqdə Kremlin maraqlarına uyğundur. Qarşılıqlı əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir. Elə buna görə də bəzi anlaşılmazlıqları asanlıqla görməzdən gələ bilirlər”.