Tibbi sığorta nə zaman və necə tətbiq olunacaq ? – Aydınlıq gətirildi !

“Sığorta olunacaq şəxslər kateqoriyalara bölünməlidi"

“Kateqoriyalar müəyyən edildikdən sonra hər kəsin sığorta vəsiqəsi olmaldır”

“Fikrimcə, ən yaxşı nümunə Türkiyədir. Türkiyədə sığorta xərcləri dövlətlə vətəndaş arasında bölünür”

2021-ci il yanvarın 1-dən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşlardan icbari tibbi sığorta haqları tutulacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bunu nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.

Məlumdur ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi uzun zamandır müzakirə olunur. Artıq yanvar ayından etibarən sığorta haqlarının tutulacağını nəzərə alsaq, ortaya belə bir sual çıxır: Tibbi sığortanın tətbiqinə nə zaman başlanacaq?

Tibb elmləri doktoru, professor-həkim Adil Qeybulla “Sherg.az”a bildirib ki, artıq 20 ildir, icbari tibbi sığortanın tətbiq ediləcəyini eşidirik:

“1994-cü ilin fevral ayında tibbi sığorta ilə bağlı Prezidentin Sərəncamı var. Lakin tibbi sığorta bu günə qədər tətbiq edilməyib. Nə zaman olacağı da dəqiq bilinmir”.

Professor qeyd edib ki, əsas məsələ icbari tibbi sığortanın həyata keçirilmə mexanizmidir:

“Yevlax və Mingəçevirdə olduğu kimi həyata keçirsələr, effektiv mexanizm qurmalıdırlar. Məsələ budur ki, sığorta olunacaq şəxslər kateqoriyalara bölünməlidir. Kateqoriyalar müəyyən edildikdən sonra hər kəsin sığorta vəsiqəsi olmaldır. Eyni zamanda tibbi sığortaya hansı xidmətlərin daxil olacağı müəyyənləşdirilməlidir. Məsələn, kim nə vaxt istəsə, xəstəxanaya gəlib hansısa tibbi proseduru tələb edəcəksə, bu, düzgün deyil. İlk növbədə tibbi sığortaya aid olan xidmətlər həyata keçirilməlidir. Xəstələr növbəyə yazılmalı və öz vaxtlarında xəstəxanaya gəlməlidirlər”

A.Qeybulla vurğulayıb ki, sığorta təbabəti qurmaq elə də asan deyil:

“Türkiyə, Almaniya modelindən istifadə etmək lazımdır. Lakin biz bilmirik ki, ölkəmizdə hansı modeldən istifadə olunacaq. Hər halda Azərbaycan modelindən istifadə edəcəklər. Amma konkret olaraq bir ölkənin təcrübəsindən yararlanmaq lazımdır. Fikrimcə, ən yaxşı nümunə Türkiyədir. Türkiyədə sığorta xərcləri dövlətlə vətəndaş arasında bölünür. İlk növbədə təxirəsalınmaz prosedurları sığortya aid etmək lazımdır”.