Pensiyalar artırılır ! – “Dövlətin ciddi planları var” 

“Planlar içində xaricdən böyük həcmdə investisiyaların Azərbaycana cəlb edilməsi də ola bilər”

“Düşünürəm ki, bu amil planlarda yer alıb. Beləliklə iqtisadiyyatımızda istədiyimiz addımlara nail ola bilərik”

“O zaman pensiya və digər sosial müavinətlərin artımı mümkün və realdır”


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin plenar iclasında çıxışı zamanı orta aylıq pensiya məbləğindən danışıb. Komitə sədri bildirib ki, cari illə müqayisədə növbəti ildə orta aylıq pensiya məbləğinin 31,29 manat məbləğində və ya 10,4 faiz artması proqnozlaşdırılır. O bildirib ki, bu da həmin dövrdə ölkə üzrə infilyasıya səviyyəsindən (3,0 faiz) nəzərəçarpacaq dərəcədə çoxdur. Bu isə öz növbəsində pensiyaçıların sosial müdafiəsinə müsbət təsir göstərəcəkdir.



Keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov verilən proqnozların özünü nə dərəcədə doğruldacağına dair fikirlərini “Sherg.az”la bölüşüb:
İqtisadçı qeyd edib ki, ölkəmizdə büdcə ilə bağlı pozitiv proqnozlar qəbul edilib:

“Büdcənin həm gəlirləri, həm də xərclərində artımlar proqnozlaşdırılır. Əslində Vətən müharibəsi apardığımız və pandemiyanın baş verdiyi 2020-ci ildə iqtisadiyyatımız müəyyən itkilərlə üzləşdi.

Dünya iqtisadiyyatında da belə ənənə, yəni azalmalar baş verir. Belə bir şəraitdə pensiyaların artımı ilə bağlı büdcə proqnozlaşdırmaq, o deməkdir ki, növbəti ili daha pozitiv və sürətli inkişaf kimi görürük. Bunun da səbəbi odur ki, bəzi proqnozlar yəqin bizə belə mövqedə dayanmağa əsas verir.

Məsələn, mart-aprel aylarında pandemiyanın aradan qalxacağı və dünya iqtisadiyyatında yeni inkişaf meyillərinin baş qaldıracağı gözlənilir. Lakin bu faktın nə dərəcədə özünü doğruldacağı sual altındadır. Bizim də dövlət büdcəmizlə proqnozlar verilərkən bu gözləntilər nəzərə alınıb”.

F.Yusifovun qənaətincə, dövlətin ciddi planları var:

“Planlar içində xaricdən böyük həcmdə investisiyaların Azərbaycana cəlb edilməsi də ola bilər. Düşünürəm ki, bu amil planlarda yer alıb. Beləliklə iqtisadiyyatımızda istədiyimiz addımlara nail ola bilərik. O zaman pensiya və digər sosial müavinətlərin artımı mümkün və realdır. Təbii ki, belə olan halda neftin qiymətləri də ən azından bu günkü səviyyədə qala bilər”.