Xəbərdarlıq ! - “Qaz sayğacının əvəzlənməsi üçün pul tələb olunmur” – Aldanmayın!  

“Bu, dövlət hesabına həyata keçirilən işdir”

“Ona görə belə halda vətəndaş müvafiq qurumlara müraciət etməlidir”

“Məsələ araşdırılmalıdır, bu dələduzluqdur. Şikayət olunmalıdır”


Sosial şəbəkələrdə sayğac əvəzlənməsi zamanı Xaçmaz rayonunda kimlərinsə vətəndaşlarla guya hansısa sövdələşmələrə getməsinə dair məlumat yayılıb.
“Azəriqaz” İB-dən verilən məlumata görə, ümumiyyətlə qaz sayğaclarının əvəzlənməsi zamanı kiminsə vətəndaşdan pul tələb etməsi qanunsuzdur.
Buna baxmayaraq zaman-zaman belə hallarla rastlaşırıq. Sayğac əvəzlənməsində vətəndaşdan pul tələb edən dələduzlar olur. “Azəriqaz” da belə fırıldaqlara inanmasınlar deyə əhaliyə müraciət edib:

“Abonentlərdən xahiş edirik ki, heç kimə bu əməliyyatın icrası zamanı pul verməyin. Çünki dövri yoxlama müddəti çatmış (əhali abonent qrupunda 5 ildən bir) qaz sayğacları əvəzlənərkən hər hansı vəsait tələb olunmur.

Bu əməliyyat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən pulsuz icra olunur. Əgər hansısa dələduz əmələ qurşanan şəxslə belə bir sövdələşmə edirlərsə, bundan asılı olmayaraq, sayğacda laboratoriya yoxlaması zamanı qüsur aşkarlanarsa, itirilmiş qazın bərpasının dəyəri sizdən mütləq tələb olunacaq”. 



Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov məlum vəziyyəti “Sherg.az”a dəyərləndirib:

“Qaz sayğaclarının dəyişirdirilməsi üçün istehlakçıdan ödəniş tələb olunmur. Sayğacları bir neçə ildən bir dəyişirlər. Heç vaxt pul istənilməyib. Hər halda kimlərsə qeyri-rəsmi tələb edir.

Burda borc qalıqlarının silinməsi yaxud da qanunsuz qoşulma halı tapılıbsa, üzərini örtmək üçün pul alınmış ola bilər. Lakin insanlar bilməlidir ki, sayğacın əvəzlənməsi dövlət hesabına həyata keçirilən işdir.

Ona görə belə halda vətəndaş müvafiq qurumlara müraciət etməlidir. Konkret şikayət edilsin ki, məndən pul tələb olunur.

Məsələ araşdırılmalıdır, bu dələduzluqdur. Şikayət olunmalıdır”.