2021-ci ildə bəzi banklar bağlana bilər

Çünki bəzi banklar həm kredit verə bilmir, həm də verdiyini ala bilmir

Bu ilin dekabr ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 908,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 37,9 mln. manat və ya 0,5 faiz artıb. Cari ilin əvvəlinə nisbətən bu göstərici 729,7 mln. manat və ya 8,4 faiz, son bir ildə isə 773 mln. manat və ya 8,9 faiz azalıb.

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov “Şərq”ə açıqlamasında bildirib ki, əhalinin banklara əmanət qoymasında heç bir problem yoxdur. Bank üzrə ekspert qeyd edib ki, yəni banklarda güvənlilik tam təmin olunur:

“Əmanətlərin sığortalanması sistemi var. Bu sistem də daim təkmilləşir. Düzdür, 2021-ci il aprelin 5-dən başlayaraq əmanətlərin tam sığortalanma sistemi olmayacaq. Amma hər bir vətəndaşın bankda yüz min manat miqdarında olan əmanətinin sığortası olacaq. Belə izah edim ki, əgər kiminsə hər hansısa bankda pulu çoxdursa və ya yenə pul yerləşdirmək istəyirsə, bu zaman onu ailə üzvləri arasında bölə bilər. Yaxud da ki, müxtəlif banklara qoya bilər. Yəni hərəsinə yüz min manat. Bu baxımdan əmanətçilər üçün problem görmürəm. Onlar tam güvənli olaraq əmanət yerləşdirə bilərlər. Bunu da dövlət ona görə edir ki, insanlar banklardakı əmanətlərini geri götürməsinlər. Amma əmanətin artmasını gözləmir. Ona görə ki, insanların gəlirləri düşür və onlar artıq pul yığa bilmirlər. Bəzi hallarda yığdıqlarını xərcləməyə məcbur olurlar. Bu dəqiqə nəinki Azərbaycanda, bütün dünyada vəziyyət belədir. Dünyada insanların gəlirləri düşdüyü üçün yığma azalır. Böyük ehtimalla gələn il də əmanətlər banklarda azalacaq. Dediyim kimi, ona görə yox ki, qorxacaqlar. İndi ola bilər ki, kimsə bəlkə də qorxacaq. Amma bütövlükdə insanlara pul lazımdır, bir qismi pullarını çıxaracaq”.

Gələn ilin kredit məsələsinə gəlincə, iqtisadçı-ekspert vurğulayıb ki, bankların kredit verməsi həm bank sisteminin, həm də bütövlükdə iqtisadiyyatın vəziyyətindən asılıdır:

“Burada gələn il daha çox problemlərin olacağını düşünürəm. Birincisi, bu il pandemiya və karantin səbəbindən bankların problemli kreditləri bu il artıb. Həm əhali, həm də sahibkarlar vaxtlı-vaxtında kreditlərini tam ödəyə bilmir. Gələn il də bu prosesin davam edəcəyi şübhəsizdir. Banklar pullarını vaxtlı-vaxtında ala bilmirlər. Halbuki, banklar gərək pullarını ala bilsinlər ki, əmanətləri geri qaytarsınlar. Digər tərəfdən banklarda kredit vermə də azalıb. Bunun da bir çox səbəbləri var. Həm kredit verməyə qorxurlar, çünki bilirlər ki, bu dəqiqə qaytarmaq məsələsində ciddi problem ola bilər. Həm əhalinin, həm də sahibkarların ödəniş qabiliyyətində ciddi problem var.

Digər tərəfdən də bankların kredit verməyə o qədər də vəsaiti də yoxdur. Çünki dediyim kimi, əmanətlər bu il 2020-ci ildə təxmini 1 milyard azalıb. Gələn il də yəqin azalacaq. Banklarda Mərkəzi Bankdan da kifayət qədər kredit götürə bilmirlər. Mərkəzi Bank devalvasiyadan o qədər qorxur ki, devalvasiya getməmək üçün pul bazasını azaldır. Yəni ki, dövriyyədəki pulu azaldır. Bilməyənlər üçün deyim ki, hamı bilsin. Ümumiyyətlə, pul dövriyyədə necə artır? Mərkəzi Bank banklara kredit verir. Yəni ki, bu yolla dövriyyədə pul olur. Mərkəzi Bank da əksinə, pulu azaldır ki, bu pulla gedib heç kəs dollar almasın. Buna görə də pul bazası azalmadığı üçün kredit də azalır. Nəinki əhali, sahibkarlar da kredit götürmək istəyirsə, götürə bilmir.

Hazırda banklar həm kredit verə bilmir, həm də verdiyi kreditlərin də çox hissəsini qaytara bilmədiyi üçün 2021-ci ildə bank sistemləri üçün ciddi problemlər olacaq. Bəlkə də hansısa banklar bağlanacaq”.