Haqq Azərbaycandan yanadır

Özünə Avropa deyən bəzi ölkələr beynəlxalq hüququ tapdalayır

Azərbaycan və qardaş Türkiyə belə təzyiqlərdən dolayı öz haqlı mübarizəsindən heç vaxt geri çəkilməyəcək

Niderland, Belçika və Lüksemburq kimi ölkələrin nə Cənubi Qafqaz regionunda, nə də Dağlıq Qarabağ prosesində təsir imkanları var

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə ilə Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Ermənistan təslim olduğunu etiraf edərək, kapitulyasiya aktına imza atdı. İşğalçı Ermənistanın məğlubiyyəti 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanatda da əksini tapdı. Lakin münaqişənin Azərbaycanın qələbəsi ilə həlli erməni lobbisini ciddi narahat etməkdədir. Onlar hələ də reallığı qəbul etmək istəmirlər və dünyanın müxtəlif ölkələrində Azərbaycan əleyhinə fəaliyyətlərini gücləndirməyə cəhd edirlər. Əfsuslar olsun ki, erməni diasporu və lobbisinin təsiri altında olan üç-beş Avropa ölkəsində anti-Azərbaycan, anti-Türkiyə, islamofob qərarlar qəbul olunur. Bu ölkələrin parlamentində ultra-sağçı və ultra-millətçi qüvvələrin fəallığı açıq şəkildə özünü göstərir. Məlum olduğu kimi, üçtərəfli Bəyannaməyə ilk narazılıq edənlərdən biri Fransa rəhbəri E.Makron oldu.

Makron ilk günlərdən işğalçını dəstəkləyən qərəzli çıxışları ilə niyyətini büruzə verdi. Daha sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı Fransa Senatında qəbul olunmuş qərəzli qətnamə həm ölkə daxilində, həm də beynəlxalq mediada heç də birmənalı qarşılanmadı. Məsələ ondadır ki, sülhün əldə olunmasına hansısa şəkildə öz adını yazdırmaq cəhdləri Fransanı nə yolla olur-olsun Minsk qrupunun fəaliyyətinin bərpasına vadar edir. Belə halda Fransanın prosesi əngəlləmək və mümkün qədər uzatmaq məqsədi ilə “Türkiyə hərbiçiləri” və “Suriya muzdluları” kimi saxta və yalan məlumatlar əsasında yeni problemlər yaratmaqdan başqa çarəsi qalmır. Məhz bu uydurma iddialar da Senatın Qətnaməsində öz əksini tapmışdı. 
Senatın ardınca digər Avropa ölkələrinin liberallarını təmsil edən siyasi partiyalar tərəfindən oxşar qətnamə layihələrinin irəli sürülməsi də münaqişənin başa çatmasında maraqlı olmayan qüvvələri üzə çıxardı. Belçika “makronçuları” da son iki ayda bir neçə dəfə oxşar qətnamə layihələrini federal parlamentin beynəlxalq məsələlər komissiyasının müzakirəsinə çıxarıblar. Bu da təsadüfi deyil, bir tərəfdən Belçika Avropada Fransaya ən yaxın olan yeganə fransız dilli ölkədir. Digər tərəfdən, hazırda Belçikada hakimiyyətdə olan siyasi qüvvələr məhz Makron partiyasının tərəfdaşları olan liberallardır. Belçikanın 14 oktyabrda müzakirəyə çıxartdığı qətnamə layihəsində də Azərbaycandan hərbi əməliyyatların dərhal dayandırılması və geri çəkilməsi tələb olunur, “xarici muzdlulardan istifadə olunması” kəskin pislənilir.

O cümlədən Azərbaycana və Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması haqqında tələblər irəli sürülürdü. 18 noyabr qətnamə layihəsinin müəllifləri daha da irəli gedərək Parisdə olduğu kimi Brüsseldə də qondarma “Arsax Respublikasının” diplomatik nümayəndəliyinin yaradılması təşəbbüsü ilə çıxışlar etdilər. Hər iki qətnamə layihəsinin müəllifləri arasında Qarabağ ərazisinə qanunsuz səfərlər etmiş, Belçikada kök salmış erməni lobbisindən maliyyə dəstəyi alan korrupsiyalaşmış siyasətçilər var. Qətnamə layihəsində yer alan “Türkiyənin və xarici muzdluların dəstəyi ilə  Azərbaycanın Dağlıq Qarabağa təcavüzü” kimi ifadələr isə ermənilərin saxtakar qara təbliğatını təkrarlayır və mətnin erməni lobbisinin diktəsi ilə yazıldığını aydın göstərir.

Son olaraq 24 dekabr 2020-ci il tarixində Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə qəbul edilib. Parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunub, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülüb. Azərbaycan Xarici İşlər Nazirliyinin qəbul olunmuş qərəzli qətnamə ilə bağlı açıqlamasında bildirilib ki, Lüksemburq Parlamentini bölgədəki uzunmüddətli münaqişənin həlli, BMT TŞ qətnamələrinin həyata keçirilməsi, onilliklərdir fundamental hüquqları pozulan məcburi köçkünlərin hüquqlarının bərpa olunması ilə yaranmış yeni vəziyyətlə yox, bölgə dövlətləri arasında ədavətin alovlandırılmasında maraqlıdır: “Qətnamənin hər hansı hüquqi qüvvəsinin olmamasına rəğmən, Lüksemburq Parlamentinin beynəlxalq hüquqa zidd olan sənədlərlə çıxış etməsi, bölgədəki vəziyyəti öyrənmədən yanlış ittihamlar irəli sürməsi bu qurumun qərəzli mövqeyindən xəbər verir. Lüksemburq qanunverici qurumunun üzvləri əgər bölgənin, o cümlədən Ermənistanın gələcəyini düşünsəydilər, o zaman 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, bölgədə sülh, təhlükəsizik və rifahın yaradılması üçün yeni əməkdaşlıq imkanlarından faydalanmaq fikirlərini təşviq edərdilər. Vurğulamaq istərdik ki, bu kimi təxribat xarakterli və qərəzli sənədlərin qəbulu bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə mane ola bilməyəcək”.

Prezident İlham Əliyev də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı qərəzli qətnamə qəbul edən ölkələrə müraciət edib: “Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr”. 
Lüksemburqla paralel Belçikanın paytaxtı Brüsselin İxelles bələdiyyəsi də Dağlıq Qarabağla bağlı qərar layihəsi hazırlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Brüsseldə yaşayan Azərbaycan icmasından bildirilib ki, qərar layihəsinin ilkin versiyasında ölkəmizə qarşı qərəzli mövqe ifadə olunub. İcma üzvlərinin İxelles bələdiyyə rəhbərliyinə ünvanladığı müraciət, eləcə də keçirilən görüşlər nəticəsində ədalətli yanaşma təmin edilib və qərarın mətninin dəyişdirilməsinə nail olunub. Xatırladaq ki, Brüsselin 19 bələdiyyəsindən biri olan İxelles bələdiyyəsi paytaxtın mərkəzi hissəsində yerləşir. 90 min nəfərə yaxın əhalisi olan bu ərazidə 170-dən çox xarici ölkənin vətəndaşı məskunlaşıb.

Ekspertlərə görə, bu çirkin kampaniyanın başında Fransa dövləti durur. Ölkənin siyasi korrupsionerləri də bu “iş”də fəaldır. Məqsədləri bölgədə münaqişəni yenidən qızışdırmaq, məğlub olmuş erməni ordusunu və xalqını psixoloji baxımdan Azərbaycana qarşı nifrətlə yükləməkdir. Mövcud olmayan rejimi gündəmə gətirmək erməniləri aldatmaqla bərabər, çirkin maraqlardan xəbər verir.

Həm də Lüksemburq, Belçika, Hollandiya və Fransa parlamentlərində bu kimi qərarlar, Azərbaycan və Türkiyənin Ermənistanla gələcəkdə normal münasibətlər qurmasına ciddi zərbə vurur. 
Fransa başda olmaqla Avropanın bir sıra ölkələrinin Azərbaycan və Türkiyəyə qarşı açıq qərəzini “Şərq”ə dəyərləndirən Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri Natiq Miri deyib ki, Fransa Senatında qəbul olunan “qətnamə” rəsmi Parisin ipini çəkdiyi bəzi dövlətlərə də stimul oldu. Analitikin sözlərinə görə, Hollandiya, Belçika və Lüksemburq parlamentlərində ard-arda bu yöndə qərarların verilməsi “yuxarıdan” gələn təlimat əsasındadır: “Qətnamə qəbul edən ölkələrin Fransaya bağlılığı bəllidir. Doğrudur, bu cür “qətnamələr” heç bir hüquqi məsuliyyət yaratmır. Ancaq hər bir halda atılan addımlar həmin ölkələrin Azərbaycan və Türkiyəyə qarşı olduğunu, Ermənistanı dəstəklədiklərini ortaya qoyur. Bu cür yanaşmanın kökündə iki əsas məsələ dayanır.

“Qətnamələrin” qəbul olunması perspektivdə Dağlıq Qarabağda yaşayan ermənilərə xüsusi statusun verilməsi ilə əlaqədardır. “Qətnamələr” rəsmi Bakıya təzyiq xarakteri daşıyır. Digər məqam isə birbaşa Türkiyə ilə bağlıdır. Fransa Aralıq dənizinin şərq hissəsində Türkiyənin enerji ehtiyatları ilə bağlı fəaliyyətinə qarşı çıxır, bunu önləmək üçün davamlı cəhdlər göstərir. Senatda Türkiyəyə qarşı qəbul edilən “qətnamə” birbaşa Parisin maraqlarına xidmət edir. Məqsəd qardaş ölkəni Şərqi Aralıq dənizi regionundan kənarlaşdırmaqdır.

Bu cür addımların hamısı əbəsdir. Azərbaycan və qardaş Türkiyə belə təzyiqlərdən dolayı öz haqlı mübarizəsindən heç vaxt geri çəkilməyəcək. Fransa Türkiyə ilə girişdiyi mübarizədə ardıcıl məğlubiyyətə, uğursuzluğa düçar olacaq. Ələlxüsus, Prezident E.Makronun bu istiqamətdə siyasəti iflasa uğrayacaq. Ümidini üzməyən Makron hələ də çalışır ki, müəyyən “nailiyyətlər” əldə edərək 2022-ci ildə Fransada keçiriləcək seçkilərdə ermənilərin dəstəyindən məhrum qalmasın. Ancaq bunun sonu da fiaskodur. Niderland, Belçika və Lüksemburq kimi ölkələrin nə Cənubi Qafqaz regionunda, nə də Dağlıq Qarabağ prosesində təsir imkanları var”. 

Siyasi şərhçiyə görə, bölgənin problemləri bundan sonra Rusiya-Azərbaycan və Türkiyə müstəvisində həll olunacaq: “Türkiyə həm regional, həm də qlobal müstəvidə siyasi aktora çevrilib. Yaxın Şərqdə, Aralıq dənizində olduğu kimi, Cənubi Qafqazda da problemləri Türkiyəsiz çözmək imkansızdır. Fransa və onun nəzarətində olan ölkələrin məsələyə yanaşması nəyisə həll etmək gücündə deyil. Sadəcə həmin dövlətlər bu kimi qərarları ilə dövlətlər arasında normal münasibətlərin formalaşmasına mane olurlar. Əgər qərəzli mövqe sərgiləməyə davam edərlərsə, Fransa, Niderland, Belçika və Lüksemburq kimi ölkələr Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıqdan məhrum qalacaqlar”. 

N.Miri bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan informasiya müharibəsində Ermənistanı dəfələrlə üstələdi:

“Dünya ictimaiyyətinə bəlli oldu ki, həqiqətən də haqlı tərəf Azərbaycandır. Beynəlxalq səviyyədə erməni iddialarına ciddi zərbə dəydi. Təkcə erməni hökuməti deyil, həm də erməni diasporası böyük məğlubiyyət yaşadı. Nəzərə alaq ki, Avropanın bəzi ölkələrində qəbul edilən siyasi “qətnamələr” beynəlxalq hüquqa daban-dabana ziddir. Çünki ortada BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq sənədlər var. TŞ-nin daimi üzvü statusu daşıyan və 4 qətnamədə imzası olan Fransanın qərəzli və uydurma qətnamələr qəbul etməsi ilk növbədə öz-özünü inkar etməkdir. Bu addım Fransanın və Belçikanın beynəlxalq imicinə ciddi xələl gətirir. Artıq dünya ictimaiyyəti reallığın fərqindədir. Ona görə də qətnamələrin beynəlxalq dəstək alacağını düşünmək absurd olar. Hamısı qısamüddətli geosiyasi maraqlara xidmət edən addımlardır”.