Politoloq millət vəkili ilə razılaşmadı

"Siyasi baxımdan yetişməmiş insanların partiya üzvü olması yanlışdır"

15-16 yaşlı yeniyetmələr məsuliyyətli addım atmağa hazır deyillər. Həyat təcrübəsi olmayan gənc bir insan asanlıqla radikal qüvvələrin təsirinə düşə bilər


Millət vəkili Məlahət İbrahimqızı gənclərin siyasi partiyalara üzvlük yaşının aşağı salınmasını təklif edib. Deputat bildirib ki, xarici ölkələrin praktikasına əsaslanaraq, siyasi qurumlara üzvlüklə bağlı müəyyən redaktələr etmək mümkündür: “Bizdə qanunla 18 yaşına çatana kimi insanların siyasi partiya üzvü olması qadağan edilir. Məncə, gənclərin siyasi partiyalara üzvlük yaşının aşağı salınmasına ehtiyac var. ABŞ-da belə təcrübə mövcuddur. Bilmirəm, bu təcrübə bizdə tətbiq edilə bilərmi?”. Parlament üzvü Fəzail İbrahimli də bildirib ki, siyasi partiyaların fəaliyyəti ilə bağlı qanuna yeni dəyişiklik təklif olunanda, bu məsələyə qayıtmaq olar. 

Deputatın təklifini “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu isə tamamilə əksini düşünür. Analitik hesab edir ki, siyasi baxımdan yetişməmiş insanların partiya üzvü olması yanlışdır. Ekspertin sözlərinə görə, həyat təcrübəsi olmayan gənc bir insan asanlıqla radikal qüvvələrin təsirinə düşə bilər:

“İnsan müəyyən yetkinlik yaşına çatmalıdır ki, düzgün seçim edə bilsin. Əgər səsvermədə iştirak üçün yaş senzi 18 yaşdan başlayırsa, partiyaya üzvlük məsələsində bu yaş daha yüksək olmalıdır. Düşünürəm ki, 20 yaşdan tez partiya üzvü olmaq qanunla qadağan edilməlidir. İnsan valideyninin, ətrafının təsiri ilə deyil, öz şəxsi təcrübə və dünya görüşünə uyğun olaraq hansısa partiyaya üzv olmalıdır. 15-16 yaşlı yeniyetmələr məsuliyyətli addım atmağa hazır deyillər. Sovet vaxtı bizi zorla “oktyabryat”, “pioner” və “komsomol” edirdilər. Bu sistem iflasa uğradı. Düşünürəm ki, yaş senzi aşağı salınmalı deyil, əksinə, yuxarı qaldırılmalıdır”.