Müəllimlərin işə qəbul imtahanı formatı dəyişməlidir

Öncə psixologiyaları yoxlanılmalıdır, sonra biliyə baxılmalıdır. Savadlı ola bilər. Lakin hər savadlı insan mütəxəssis deyil

İmtahanda yüksək bal toplayan müəllimlərdən sinifdə jurnal belə yaza bilməyənləri var

Müəllim peşəsi haqqında çox sözlər, ifadələr işlədilir. Bu peşə dünyanın ən şərəfli məsləklərindən biri, bəlkə də birincisidir.  Cəmiyyət üçün faydalı şəxsiyyətlərin yetişdirilməsində müəllimin rolu böyükdür. Lakin hamı bu ada layiq ola bilirmi? Əlbəttə yox. 
Xüsusilə də son zamanlar müəllim adına yaraşmayan şəxslərin məktəblərdə, təhsil müəssisələrində çalışdığını görürük. Sosial şəbəkələri onların bir pedaqoqa uyğun olmayan davranışları “bəzəyib”. Məsələn, karantin rejimini pozan “məşhur” direktorun bayrağı başına taxıb rəqs etməsi hər kəsi qəzəbləndirib. Baxırıq, məyus oluruq. Axı həmin şəxslərə görə müəllimlik də hörmətdən düşür. Ona görə müəllimlərin işə qəbul imtahanından sonra, müsabiqə iştirakçılarının psixoloji testlərdən keçməsi  məqsədəuyğundur. 

"Şərq" mövzunu ekspertlərlə müzakirə edib. Təhsil eksperti Kamran Əsədov məsələni belə dəyərləndirdi:

“Təhsil sistemində kadr probleminin həlli üç mərhələdə həll edilirdi. 2009-cu ilə qədər problemlərdən biri müəllim kimi çalışan şəxslərin qanunsuz yollarla işə qəbul edilməsi idi. Bu zaman saxta diplomlardan, sənədlərdən də istifadə olunurdu.

Prosesin özünün şəffaf həyata keçirilməsində, uğurlu təhsil üçün faydalı şəxslərin seçilməsində nöqsanlar vardı. 2009-cu ildən etibarən  müəllimlərin işə qəbulu mərkəzləşdirildi, 2013-cü ildən proses daha da təkmilləşdirildi.

Xüsusilə bilik və bacarıqları ən yüksək olanlar təhsil sisteminə qəbul edildi. Hazırda  qəbul prosesi tamamilə obyektiv və şəffafdır. Amma  keyfiyyətlidirmi?

Təəssüflər olsun ki, müəllimlərin işə qəbulunda yalnız iştirakçıların bilikləri yoxlanılır. Onların bacarıqları və psixologiyaları nəzərə alınmır. Dünya təhsil sistemində, xüsusilə də Finlandiyada, Sinqapurda, Cənubi Koreyada müəllim olmaq çətindir. Məsələn, Finlandiyada bakalavrla bərabər magistr təhsili də tələb olunur.

Amma Azərbaycanda kollec məzunu belə müəllim kimi çalışır. İnkişaf etmiş ölkələrdə müəllim olmaq üçün akademik göstərici 80 faizin üzərində olmalıdır. Bizdə  qiymətləri 3 olan da müəllim kimi fəaliyyət göstərir. Avropa və Amerika, həmçinin Asiyanın inkişaf etmiş ölkələrində müəllimi işə götürəndə metodikası, psixologiyası, fərdi yanaşması da yoxlanılır. Ailə vəziyyəti belə nəzərə alınır. Məsələn, dünyanın bir sıra ölkələrində övladı olmayan və ya ailəsi dağılmış şəxsləri müəllimliyə qəbul etmirlər. Yəni müəllim seçimində kifayət qədər kriteriyaları var. Seçməklə də iş bitmir. Rusiyada hər il müəllimlər imtahandan keçir. Hər il bilik və bacarıqları yoxlanılır. Müəyyənləşdirilmiş kriteriyalara cavab verirsə, əmək müqaviləsi yenidən bağlanır, işə davam edir. Azərbaycanda da bu sistem tətbiq edilməlidir”.

K.Əsədov deyib ki, imtahanda yüksək bal toplayan müəllimlərdən sinifdə jurnal belə yaza bilməyənləri var:

“Deməli, müəllimlərin işə qəbul imtahanı qısa müddət üçün həyata keçirilir. Lakin bu iş mərhələli şəkildə aparılmalıdır. Həm biliyi, həm məntiqi, həm düşünmə tərzini, həm də psixologiyasını yoxlamaq lazımdır. Yekunda göstəriciləri yüksək olsa əmək müqaviləsi imzalanar.

Bu gün müəllimlərin şagirdlərə, tələbələrə yanlış rəftarının, cəmiyyətdə onlara qarşı yaranan aqressiyanın kökündə də psixoloji yoxlanışın olmaması dayanır. Ona görə müəllimlərin işə qəbul imtahanının formatı dəyişməlidir. Öncə psixologiyaları yoxlanılmalıdır, sonra biliyə baxılmalıdır. Savadlı ola bilər. Lakin hər savadlı insan mütəxəssis deyil. Müəllimlik tamam başqa sahədir.

Həkim kimi səhv işləyib xəstəni öldürə, sürücü kimi maşını idarə etməyi bacarmaya bilər. Lakin müəllim bir nəsli məhv edir. Sinifdə 30 uşaq varsa hamısının gələcəyinə təsir göstərir. Ona görə bu sahə təkmilləşdirilməlidir”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov isə bir sıra ölkələrdə müəllimlərin psixoloji testlərdən keçdiyini söyləyib: “Məsələn, Türkiyənin təhsil sistemində istər məktəb rəhbərlərinə, istərsə də müəllimlərə mütəmadi olaraq psixoloji treninqlər təşkil edilir. Eyni zamanda onlar işə qəbulda psixoloji testlərdən keçirilir.

Bu işdə məktəb direktorları, müəllimlər, şagirdlər və məktəb psixoloqlarına, valideynlərə  psixoloji yardım nəzərdə tutulur. 2020-ci ilin aprel ayında Nazirlər Kabineti tərəfindən ümumtəhsil müəssisələrində psixoloji təlimin təşkili ilə bağlı qaydalar təsdiq olunub. Orda bütün məsələlər öz əksini tapıb. Yalnız həyata keçirmək qalır.

Məktəb direktorları imtahan verib, seçilirlər. Həm də onlar müəyyən müddət məktəbə rəhbərlik edə bilirlər. İslahatlar mərhələli həyata keçirilir. Əlbəttə, işə qəbulda məktəb direktorları, müəllimlər mütləq şəkildə psixoloji testdən keçməlidirlər. Bu sistem tətbiq olunsa,  Azərbaycan təhsili qazanacaq. Bir çox problemlərin qarşısı alınacaq”.