Deputat: “...Ermənilər revanş ritorikasından əl çəkmirlər” - Nə etməli?

“Gələcək siyasətimiz, Ermənistanın əbədi olaraq Azərbaycandan asılı vəziyyətdə olmasını təmin etməkdən ibarət olmalıdır"

Milli Məclisinin İnsan hüquqları komitəsi genişmiqyası hərbi əməliyyatlar başlanılan 27 sentyabr tarixindən beynəlxalq təşkilatlara Ermənistanın müharibə cinayətləri haqda dəfələrlə müraciət və bəyanatlar ünvanlayıb. Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması, mülki vətəndaşların həlak olması, əsirlərə qeyri-insanı rəftar və s. haqda aidiyyətli beynəlxalq təşkilatlara təfərrüatlı, fakt və rəqəmlərə əsaslanan məlumatlar təqdim edilib. 


Müraciət Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluq idarəsi tərəfindən cavablandırılıb. İdarə rəhbəri Mark Azərbaycandan daxil olan sənədi aldıqlarını təsdiq edərək, baxılması üçün kommunkasiya reyestrinə daxil edildiyini bildirib. Sənədə, Beynəlxalq Cinayət Məhkəməsinin müddəalarına uyğun olaraq, müvafiq qaydada baxılacağı vurğulanıb.

Müraciətlə bağlı "Sherg.az"a danışan millət vəkili, hüquqşünas Nəsib Məhəməliyev bildirib ki, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayətlər göz qabağındadır. 

Deputatın sözlərinə görə, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Naftalan və digər şəhərlərin qadağan olunmuş ballistik raketlərlə, fosforlu, kasset bombalarla atəşə tutulması nəticəsində mülki əhalinin, o cümlədən uşaqların həlak olması Cenevrə və Haaqa konvensiyalarına ziddir:

"Azərbaycanın  müraciətinin Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluq idarəsi tərəfindən kommunikasiya reyestrinə daxil edilməsi qanunauyğun və müsbət haldır. Bəli, uzun illər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar və qərəzli mövqe tətbiq olunub. İşğalçı ilə işğala məruz qalan tərəflər eyniləşdirilib, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulub. Təəssüf ki, bu gün də biz belə hallarla üz-üzəyik. Ancaq bütün bunlara baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi".

Parlament üzvü vurğulayıb ki, adətən ikili standartlar, qərəzli yanaşmalar, simpatiyadan və yaxud antipatiyadan asılı olaraq subyektiv siyasi qərarların qəbul olunması beynəlxalq təşkilatlarda tez-tez rast gəlinən hallardır:

"Beynəlxalq məhkəmələrdə isə sırf maddi sübutlar əsasında hüquqi qətnamələr çıxarılır. Təkcə mülki əhalinin həlak olması ilə yox, ümumiyyətlə son 30 ilin işğalı nəticəsində aparılmış soyqırımla, etnik təmizləmə, şəhərlərin, kəndlərin yerlə yeksan olunması, tarixi-mədəni irsin məhv edilməsi, təbii sərvətlərin vəhşicəsinə istismarı, meşələrin qırılması və digər çox saylı cinayətlərlə bağlı da iddialar qaldırmalı, təzminat tələb etməliyik. Bunun üçün bütün hüquqi əsaslar göz qabağındadır. İnanıram ki, nəticə olacaq. Belə bir məsələnin gündəmdə olması olduqca əhəmiyyətlidir. Ən azından ona görə ki, 44 günlük müharibədə darmadağın olmuş ermənilər revanş ritorikasından əl çəkmirlər. Bizim gələcək siyasətimiz, Ermənistanın əbədi olaraq Azərbaycandan asılı vəziyyətdə olmasını təmin etməkdən ibarət olmalıdır".