"Kreml qaşınmayan yerdən, qan çıxarmağa cəhd göstərir" - Siyasətçi 

"Status məsələsi Azərbaycan üçün qapanıb" 

"Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun "Sputnik Armeniya" saytına açıqlamasında "Status üçün ayrıca danışıqlar olmalıdır. Çox mürəkkəb müzakirələr qabaqdadır. ATƏT, ABŞ və Fransanın dəstəyinə ümid edirik" sözləri 10 noyabr Bəyanatına tamamilə ziddir".

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri təəssüf doğuran bu fikirləri təxribatçı fikir kimi qiymətləndirib:

"Bu ya "Sputnik Armeniya"nın təxribatıdır, ya da Rusiya Federasiya Şurasının sədrinin özünün açıq mövqeyidir. Bəlkə də bu açıqlama məqsədyönlü şəkildə verilib. Nəzərə almalıyıq ki, Matviyenko heç də sıradan bir şəxs deyil. O, Kreml rəhbərliyinin ən yaxın çevrəsinə daxildir və kifayət qədər məlumatlıdır. Yəni ki, Matviyenkonun mövqeyi əslində Kremlin mövqeyi kimi də qəbul edilə bilər. Bu mənada, ola bilsin ki, Matviyenkonun bu çıxışı status məsələsində Fransa və ABŞ-a da yer vermək və Minsk Qrupunu yenidən prosesə qoşmaq niyyətlərindən irəli gəlir. Lakin bu niyyət Azərbaycanın maraqları ilə toqquşur". 

Analitik vurğulayıb ki, rəsmi Bakı status məsələsini ABŞ və Fransa ilə, eləcə də digər ölkələrlə müzakirə etmək fikrində deyil:

"Çünki bu məsələ Azərbaycan üçün qapanıb. Prezident İlham Əliyev statusla bağlı dəfələrlə öz mövqeyini bildirib: Qarabağda status ola bilməz. Hər kəs də Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşmalıdır. İndi heç kim qaşınmayan yerdən, qan çıxarmağa cəhd göstərməməlidir. Əksinə, hər kəs konstruktivlik nümayiş etdirməyə çalışmalıdır".