Füzulidən Şuşayadək döyüşən QAZİ: “...Cəmi 4-5 adam sağ qaldı”

“Betonsədd adlanan yerdə dörd gün mühasirədə qaldıq. Sonra bizi təxliyə etdilər. Şuşayadək getdik”

“Daşaltında travma aldım, huşumu itirdim. Ona görə də yaşadıqlarımızın çoxunu xatırlaya bilmirəm. Bundan sonra tərxis olundum”

Müharibə həm də ona görə ədalətsizdir ki, kimin taleyinin necə olacağı bilinmir. Bəzisi şəhid olur, bəzisi də ən ekstremal şəraitə rəğmən, həyatda qalmağı bacarır. Amma, şübhəsiz, hər ikisi qəhrəmandır. Biz bunu 44 gün davam edən İkinci Qarabağ savaşında da gördük. Yüzlərcə igidimiz şəhid, bir o qədəri isə qazi oldu.
Belələrindən biri də 1987-ci il təvəllüdlü Taleh Aşurovdur. Taleh orta məktəbi bitirdikdən sonra-2005-ci ildə hərbi xidmətdə olur. Və elə oradaykən çavuşluq kursu keçir. İki ildən sonra təxris edilir. Sentyabrın 27-dən başlayan vətən müharibəsinə  könüllü yollanır.

Bundan sonrasını isə onun “Sherg.az”a açıqlamasından oxuyaq: 

“Füzuli istiqamətindəki döyüşlərdə iştirak edirdik. Kəşfiyyatçı olduğuma görə əsas vəzifəm düşmən postlarının yerini müəyyənləşdirmək idi. Çox ağır əməliyyatlarımız olub. Füzulidə qəlpə yarası alandan sonra məni mərkəzi rayon xəstəxanasına apardılar. Bir neçə gün müalicə aldım. Ardınca N saylı hərbi hissənin ikinci taborunda vəzifəmi davam etdirdim. Füzulidə Betonsədd adlanan yerdə dörd gün mühasirədə qaldıq. Sonra bizi təxliyə etdilər. Şuşayadək getdik. Daşaltında travma aldım, huşumu itirdim. Ona görə də yaşadıqlarımızın çoxunu xatırlaya bilmirəm. Bundan sonra tərxis olundum. Onu da deyim ki, dostlarımızın çoxu şəhadətə qovuşdu. Şuşaya çox cüzi texnika, təxminən 25 nəfərlik şəxsi heyətlə girmişdik. Taborumuzdan cəmi 4-5 adam sağ qaldı. Görünür, Allah məni övladlarıma bağışladı. Fəqət ehtiyac olan an yenə vətənimizi müdafiə etməyə hazıram”.