Omandakı soydaşımız: “Bölgədə rus sülhməramlılarının olması narahatedicidir” – Müzakirə !

“Axı biz hələ əsrlər əvvəl rusların ölkəmizə dəfələrlə işğal cəhdlərinin şahidi olmuşuq”

“Ali Baş Komandanın əmri ilə 30 ildir əsarətdə olan torpaqlarımızı cəmi 44 günə qaytaran Azərbaycan əsgəri özü Qarabağda həm də asayişi təmin etməyə qadirdir”


Vətən müharibəsi artıq geridə qalsa da, yenə müzakirələrin, dialoqların əsas mövzusudur. İnsanlarımız sanki qələbədən danışmaqdan doymurlar. Əlbəttə, təbiidir. Çünki biz təkcə torpaqlarımızı azad etmədik,  həm də bütün dünyaya gücümüzü göstərdik. Hərb meydanında da, diplomatik müstəvidə də, informasiya cəbhəsində də düşmənə və bizi istəməyənlərə sözün əsl mənasında dərs keçdik.

Elə bir dərs ki, əks-sədası planetin ayrı-ayrı yerlərindən gəlməkdədir. Bu və ya digər səbəbdən xaricdə yaşayan minlərlə vətəndaşımız indi öz tanışlarına, oralardakı iş yoldaşlarına Qarabağdan daha fərəhlə danışırlar. Həmin anlarda təkcə üzlər yox, gözlər də gülür.

 Bax, belə soydaşlarımızdan biri də “Sherg.az”ın növbəti müsahibi, Oman sultanlığının Sultan Qabus universitetinin müəllimi Şəbnəm Şıxəliyevadır. Şəbnəm xanımla söhbətimizi təqdim edirik:

-44 günlük İkinci Qarabağ müharibəsinə dair bağlı fikirləriniz nədir?

-Biz bir çox müsbət xüsusiyyətlərə malik, o cümlədən mədəni, sülhsevər xalqıq. Tarixi torpaqlarımızın işğalı ilə heç bir halda barışa bilməzdik. Azərbaycan tərəfi uzun illər məsələnin sülh yolu ilə həllinə çalışdı. Həm də ona görə ki, müharibə məsuliyyət tələb edən çox ciddi prosesdir. Nə vaxt, necə bitəcəyi məlum deyil. Lakin insanlarımızın səbri artıq tükənmişdi. Vaxtı ilə ata-baba torpaqlarından zorla didərgin salınmış camaat indi vətəninə qovuşmaq üçün sözün əsl mənasında alışıb-yanır, səbrsizlənirdi. Erməni vandalizminə son vermək lazım idi. Atəşkəsi pozmaqla dəfələrlə təxribat törədən, yeni torpaq iddialarında olan düşmən layiqli cavabını aldı. Müharibədə əldə etdiyimiz qələbə bunun bariz təzahürüdür.

-Hərbi əməliyyatlar dövründə sosial şəbəkələrdə bir qrup insanın başlatdığı “no war” kampaniyası barədə nə deyə bilərsiniz?

-Nəzərə almalıyıq ki, Ermənistanla problemimiz yalnız ərazi məsələsi yox, həm də etnik münaqişədir. Onlar körpələrinə hələ beşikdəykən “Türk sənin düşmənindir” “tərbiyəsi” verirlər. Qonşuluq dəyərlərinə sadiq, həssas qəlbli xalqımıza qarşı da heç vaxt səmimi olmayıblar. Əsrlər boyu suyumuzu, çörəyimizi bölüşdüyümüz, torpağımızı oğurlayan xain qonşumuzun məkrli siyasətinə qarşı heç bir güzəşt olmamalıdır.

-Bilirik ki, musiqi adamları üçün Şuşanın xüsusi özəlliyi var. Maraqlıdır, noyabrın 8-də həmin rayonumuzun azad edildiyini eşidəndə hansı hissləri keçirdiniz?

Əlbəttə, vətənin hər qarışı, hər bölgəsi mənim üçün əziz və doğmadır. Şuşa isə Qarabağın ürəyidir və onun taleyi məni çox narahat edirdi. Şuşa çox mürəkkəb relyefdə yerləşir. Bu, əsgərlərimiz üçün çətinlik yarada, neçə-neçə ailənin gözü yaşlı qalmasına səbəb ola bilərdi. Əlbəttə, digər bütün istiqamətlərdə olduğu kimi, orada da şəhid verdik. Amma məqsədimizə çatdıq. Çünki Prezident, Ali Baş Komandanın da dediyi kimi, Şuşasız bizim işimiz yarımçıq qalardı. Ordumuzun hünəri, rəşadəti və seçilən düzgün taktika sayəsində məqsədimizə çatdıq. Azərbaycan ordusu qanı, canı bahasına Şuşanı azad etdi. Düşməni lərzəyə salan cəsur Azərbaycan əsgərinin döyüşə necə atıldğını hətta qarşı tərəfin rəsmilərinin müsahibələrində də oxuyurduq. Onlar bu qələbəni indiyədək həzm edə bilmirlər. Onu da deyim ki, döyüş iştirakçılarının, o cümlədən qazilərin açıqlamalarını oxuduqca müharibənin reallıqlarını bir daha anlayırıq. 44 günlük döyüşlər əsgərlərimizin yazdığı tarixdir.

-Şuşanın musiqi ənənələri, tarixi ilə bağlı nə deyə bilərsiniz?

-Yay tətillərinin birində Azərbaycanın gözəl guşələrindən Qubada qonaq idim. Ev sahibinin kitabxanasındakı kitablardan biri diqqətimi çəkdi. O, Firudin bəy Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” idi. Uzun illərin axtarışlarının nəticələri olan həmin kitab Şuşa şəhərinin musiqi tariximizə bəxş etdiyi ustad sənətkarlar haqqındadır. Hər daşına, qayasına musiqi hopan Şuşaya hələ o vaxtlardan heyran olmuşdum. XIX əsrdə Şuşada Xarra Qulunun, Molla İbrahimin təşkil etdiyi musiqi məktəblərində milli musiqimiz gənc nəslə ustad-şagird ənənəsi ilə öyrədilirdi. Şuşanın “Qafqazın konservatoriyası” adlandırılması heç də təsadüfi deyil. Bu məktəbin nümayəndələri Azərbaycanın hüdudlarından kənarda da vətənimizi layiqincə təmsil edirlər. Mir Möhsün Nəvvabın, Xan qızı Natəvanın təşkil etdiyi musiqili ədəbi məclislərdə şeiriyyatımızı, muğamlarımızı “cilalamaq” milli musiqimizin inkişafına xüsusi töhfə vermişdir. Əbdürrəhim bəy Haqverdiyevin təşkil etdiyi musiqi səhnələri və Şərq konsertləri ilk dəfə məhz Şuşada baş tutmuşdur. Qanun ifaçısı olaraq əlavə edim ki, bu alət üçün yazılmış ilk əsəri qəlbində vətən həsrəti daşıyan və bu dünyadan nisgillə köçən Süleyman Ələsgərov bəstələmişdir. Gözoxşayan, səfalı təbiəti olan Şuşanın incəsənətimizə verdiyi bitib-tükənməz töhfələrin bundan sonra da davamlı olmasını arzulayıram.

-Müharibə ilə bağlı xəbərləri hardan alırdınız?

-Ölüm saçan müharibələr zamanı bütün diqqət cəbhəyə yönəlir və ciddi gərginlik yaranır. Şükür ki, ordumuzun qələbələri həmin gərginliyi sevincə çevirirdi. Əlbəttə, bu istiqamətdə müxtəlif xəbər portalları, saytlar da xüsusi fəallıq göstərirdi. Tanımadığımız insanlar belə, bizə doğma gəlirdi. Çünki ortaq amal hamımızı birləşdirmişdi. Xalqımız Ali Baş Komandanın ətrafında birləşərək bir daha həmrəylik nümayiş etdirdi. Hər kəs öz sahəsində ordumuza bacardığı qədər dəstək olmağa çalışırdı. Nəhayət, artıq torpaqlarının iyirmi faizi işğalda olan tərəf kimi tanınmaqdan qurtulduq. Şübhəsiz, cənab Prezidentin yerli və əcnəbi dillərdəki müsahibələrini fərəhlə izləyir, oxuyurduq. Sosial şəbəkələrdə paylaşılan foto və videolar, həmçinin qələbə təqvimləri bizə başa salırdı ki, bütün bunlar yuxu deyil. Belə bir sevinc yaşadığımız üçün vətənimizin mərd oğullarına borcluyuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir, hər birinin valideyninin qarşısında baş əyirəm.

 -Qarabağ müharibəsinə Omanda münasibət necədir?

-Buranın yerli vətəndaşları hər işə sakit və təmkinlə yanaşırlar. Təbiətləri, xarakterləri belədir. Əlbəttə, müharibə onlar üçün də arzuolunmazdır. Telekanallar hərbi əməliyyatlar barədə heç bir məlumat vermirdi. Yalnız bir saytda- “Arabic. rt.com” bu haqda müntəzəm yazırdı.

 -Xaricdə yaşayan bir soydaşımız kimi bu müddət ərzində haqq səsimizin eşidilməsi naminə siz hansı işləri gördünüz?

 -Təbliğata bu barədə maraqlanan tələbələrimə və qonşularımıza tarixi məlumatları verməklə başladım. 1805-ci ildə Kürəkçay, 1813-cü ildə Gülüstan, 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən və onların ağır şərtlərindən, o cümlədən torpaq itkilərindən danışdım. İki əsr öncə Qarabağa köçürülmüş ermənilərin sayəsində əhali arasında həmin millətdən olanların sayının süni surətdə artırıldığını deyirdim. Qubada, Şamaxıda törədilən soyqırımlar, təcavüzkar siyasətə xidmət edən, özgə torpaqlarına göz dikən ermənilərin “Böyük Ermənistan” xülyasından bəhs edirdim. Belə məlumatlar vasitəsilə münaqişənin kökündə nəyin dayandığını bildikdən sonra Azərbaycanı, haqqlı davamızı dəstəklədiklərini bildirdilər.

 -Maraqlıdır, Ermənistan baş naziri Nikol Paşinyanın aciz durumunu nə ilə müqayisə etmək olar?

 -Onun vəziyyətini düşünəndə məşhur “Dərviş Parisi partladır” filmindəki “Hər bir köhnə dərvişin...” sözləri ilə başlayan mahnını xatırlayıram. Paşinyanın qarmaqarışıq fikirlərlə dolu müsahibələrinin yalan üzərində qurulması  məhz həmin Dərvişi yadıma salır. Həmçinin onun səriştəsiz, təcrübəsiz siyasətçi kimi mövcud vəziyyəti düzgün qiymətləndirə bilməməyi, Azərbaycana dair yanlış fikirdə olması öz təsdiqini tapdı. Özgə torpaqlarında dövlət qurmuş, özünə tarix uydurmuş və dünyanı da bu yalana inanmağa təhrik edən ermənilərə elə bu cür siyasi fiqur yaraşır.
 
-Tarixi qələbəmizi necə qiymətləndirirsiniz?

 -Əlbəttə, cəbhədən ard-arda gələn qələbə xəbərlərindən sonra noyabrın 10-da imzalanan bəyanat bizim üçün həm sevindirici, həm də gözlənilməz idi. Sənəddə Azərbaycanın lehinə çoxsaylı maddələr var. Düzdür, daha çox itki olmayacağını nəzərə alsaq, atəşkəs bizi sevindirdi. Amma bölgədə rus sülhməramlılarının olması narahatedici məqamdır. Axı biz hələ əsrlər əvvəl rusların ölkəmizə dəfələrlə işğal cəhdlərinin şahidi olmuşuq. Ali Baş Komandanın əmri ilə 30 ildir əsarətdə olan torpaqlarımızı cəmi 44 günə qaytaran Azərbaycan əsgəri özü Qarabağda həm də asayişi təmin etməyə qadirdir. Uzun müddətdir təşnə olduğumuz qələbəni dadmaq çox möhtəşəm duyğudur. Zəfər paradı da ordumuzun qələbəsinə layiq şəkildə keçirildi.
Paradı döyüş epizodlarını təsəvvürümdə canlandıraraq böyük fəxarətlə izləyirdim. Qalib xalqın nümayəndəsi olmaq çox şərəflidir. Qələbə sevincini bizə yaşadan Rəbbimizə sonsuz şükürlər olsun!