Paşinyan həbs olunur ? – ŞƏRH

 Həftələrdir istefa təzyiqlərinə müqavimət göstərən Ermənistan Baş naziri Nikol Paşinyan, ictimai media hesabından müxaliflərə səslənib. Paşinyan erkən seçki təklif edərək, nəticələrə görə vəzifəsindən gedəcəyini bildirib.

Paşinyanın təcili kreslosunu tərk etməsini tələb edən 17 müxalif partiya erkən seçki çağırışıyla sakitləşməyib. Onlar tam tərsinə Ermənistan Baş nazirinin həbs olunması üçün Baş prokurorluğa müraciət edib.

Müxaliflər hesab edir ki, Baş nazir zaman qazanmaq müxtəlif variantlara əl atır. Ancaq etirazçılar seçkilərin ancaq Paşinyanın istefasından sonra mümkün ola biləcəyini bildirirlər. 20 vəkilin təqdim etdiyi ərizədə, Baş nazir Nikol Paşinyana “vətənə xəyanət” suçu ilə iddia açılması istənilir.

Baş verənləri “Sherg.az”a dəyərləndirən hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov bildirib ki, erməni cəmiyyəti Paşinyanın hakimiyyətdən getməsini o qədər də istəmir:

“İrəvanda mitinq keçirildi, amma kifayət qədər kütlə yığılmadı. Paşinyan erkən seçki təklif etməklə Ermənistanın siyasi həyatında mühüm rol oynayan müxalif partiyalara bir mesaj verir. Bu mesaj xüsusilə radikal mövqe tutan, daşnaksütyun və digər partiyalara aiddir. Siyasi partiya nümayəndələri və deputatlar Baş prokurorluğa müraciət edirlər ki, Baş nazir cinayət məsuliyyətinə cəlb olunsun. Amma Ermənistanın bugünkü vəziyyətə düşməsində yalnız Paşinyan günahkar deyil. Paşinyan kimi siyasi partiya rəhbərləri, keçmişdəki vəzifəli şəxslər də birbaşa məsuliyyət daşıyırlar”.

R.Məmmədov vurğulayıb ki, Paşinyan seçki təklif etməklə düzgün yanaşma istəyir:

“Bu seçkilər baş tutacağı təqdirdə isə müxalif partiyaların nüfuzdan düşməsi gündəmdə olacaq. Ermənistanın xüsusilə 44 günlük müharibədə Azərbaycan ordusui  qarşısında məğlub duruma düşməsi cəmiyyətdə belə fikir formalaşdırıb: Təkcə Paşinyan deyil, digər vəzifəli şəxslər və siyasi partiya rəhbərləri də məsuliyyət daşıyır. Ola bilsin ki, Paşinyan 2021- ci ildə keçiriləcək seçkilərdən sonra yenidən hakimiyyətə gəlsin. Bu baxımdan onun erkən seçki təklifi hansısa siyasi partiya ilə koalisiyaya gedib, hakimiyyətdə qalmağa ünvanlanıb . Erməni cəmiyyəti birmənalı olaraq Paşinyana siyasi partiyaların nümayəndələri kimi münasibət sərgiləmir.

Sonuncu dəfə bütün insanların küçəyə çıxıb itaətsizlik göstərilməsini istəsələr də, istədikləri sayda əhalini prosesə cəlb edə bilmədilər”.