“Qarabağda on minə yaxın erməni diversant var" - “Təmizləməliyik” 

"Ruslar ermənilərin Laçın dəhlizindən istifadəsinə də imkan yaradırlar”

“Sonuncu emrəni tərk-silah olunanadək güzəştə getmək olmaz”

“Həmçinin türk hərbçilərinin bölgəyə gəlişi də sürətlənməlidir. Onlar Laçın dəhlizində, Xankəndi yolunda olmalıdırlar”


 Dünən saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət altı nəfərlik dəstə Azərbaycan ordusunun bölmələrinə hücum edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə, bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyyə edilib. Hazırda həyatı üçün heç bir təhlükə yoxdur.
Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Bildirilib ki, oxşar hal təkrarlanarsa, Azərbaycan ordusu qəti tədbirlər görəcək.

Noyabr 10-da imzalanan üçtərəfli bəyanatdan sonra təsəlli tapdıq ki, daha itkilərimiz olmayacaq, analar ağlamayacaq. Amma düşmən təxribatlarını davam etdirir. Elə isə hansı atəşkəsdən söhbət gedə bilər? Məgər sənədə qol çəkən ancaq biz idik?!

 “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu sayını itirdiyimiz növbəti təxribata dair fikirlərini “Sherg.az”la bölüşüb. O, rusların vəzifələrini icra etmədiyini söyləyib: 

“Mən hələ bəyanat imzalanarkən məsələnin tam bitmədiyini demişdim. Əksinə, problemlərin çoxalacağına dair xəbərdarlıq etmişdim. Dediyim kimi də oldu. Zaman göstərdi ki, ruslar bölgəyə sülhü qorumaq məqsədilə gəlməyiblər. Onlar erməniləri tərksilah etməli idilər. Lakin, əksinə, təxribatlar törədildi. Saxta xəritənin hazırlanması, Araik Arutunyanla səmimi foto çəkdirmək və sair buna bariz nümunədir. Qarabağ meşələrində erməni terrorçuların olduğu məlumdur. Bəs onların ərzaq, silah təminatı necə həyata keçirilir? Deməli, sülhməramlılar onlara yardım edirlər. Üstəlik, ruslar ermənilərin Laçın dəhlizindən istifadəsinə də imkan yaradırlar”.

E.Şahinoğlunun fikrincə, biz işimizi sonadək davam etdirməliyik:

 “Anti-terror əməliyyatlarını dayandırmamalıyıq. Növbəti təxribat cəhdinə imkan yaratmaq, gözləmək olmaz! Niyə onların bizə arxadan zərbə vurmalarını gözləməliyik?! Bu, yolverilməzdir.

Tutduğumuz diversantları təhvil veririk ki, yenidən üzərimizə hücuma keçsinlər?! Belə olmaz. Ona görə dediyim kimi, Rusiyanıın istəyib-istəməməsindən asılı olmayaraq, anti-terror əməliyyatlarına davam etməli və onlara da başa salmalıyıq ki, sizin bacarmadığınız işi biz yerinə yetiririk. Xankəndiyədək bütün meşələri “təmizləməliyik”.

Qarabağda oranı kifayət qədər yaxşı tanıyan və silahlı on minə yaxın diversant yatır. Hamısını zərərsizləşdirməliyik. Elə etmək lazımdır ki, orada bir nəfər də terrorçu qalmasın. Sonuncu emrəni tərk-silah olunanadək güzəştə getmək olmaz.

Öz işimizi özümüz görməliyik. Başqasından, xüsusilə də rus sülhməramlılarından nə isə gözləmək doğru deyil. Həmçinin türk hərbçilərinin bölgəyə gəlişi də sürətlənməlidir. Onlar Laçın dəhlizində, Xankəndi yolunda olmalıdırlar”.