Mövcud vaksinlər yeni ştammın öhdəsindən gələ biləcəkmi? – Açıqlama  

“Məhz vaksinasiya insanları normal və təhlükəsiz həyata qaytara biləcək” 

“Vaksinlərin ölkəmizdə tətbiq olunmasını tezləşdirmək və planlı şəkildə tətbiq etmək mütləqdir”

Koronavirusun Böyük Britaniyada yayılan yeni ştammı İspaniyada da qeydə alınıb. Madriddə ən azı dörd nəfərdə COVID-19-un yeni mutasiyası aşkar edilib. İlkin məlumata görə, həmin şəxslər Britaniyadan gələnlər olublar.Xatırladaq ki, bir sıra dövlətlər koronavirusun yeni ştammı tapılan Britaniya ilə hava əlaqəsini dayandırıblar.


Mövcud durum ölkəmizdə də təlaşa səbəb olub. COVİD -19 ilk dəfə Çində yayıldığı zamanlarda ölkəmiz üçün hansısa təhlükənin olacağını ehtimal etmirdik. Hətta bu virus o qədər də ciddi qəbul edilmirdi. Lakin COVİD-19 nəinki Azərbaycan, bütün dünyada tüğyan etdi. Son günlər isə koronavirusun yeni ştammı böyük narahatlıqlar yaradır.

Çünki virusun yeni mutasiyası sürətli şəkildə yayılmaq qabiliyyətinə malikdir. Bu baxımdan dövlət və cəmiyyət olaraq maksimum dərəcədə diqqətli və məsuliyyətli olmaq vacibdir.



Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov “Sherg.az”a bildirib ki, Böyük Britaniya, Hollandiya və bir neçə Avropa ölkəsində mutasiyaya uğramış COVİD-19 virusunun hazırki adı B.1.1.7 kimi qeydə alınıb:

“Mutasiyaya uğramış virusun yoluxma riskinin 70 faiz  daha yüksək olduğu aşkar edilib. Bir çox ölkələrin Böyük Britaniya ilə yollarını bağlanmasını müşahidə edirik. Hazırda çox həssas və təhlükəli dönəm yaşayırıq. Bu dönəmdə virusun yayılmaması üçün bütün qabaqlayıcı təhlükəsizlik tədbirlərini görmək vacibdir”.

Assosiyasiya sədrinin fikrincə, sevindirici hal ondan ibarətdir ki, COVİD-19 virusuna qarşı vaksinasiya həm də mutasiyaya uğramış virusun öhdəsindən gələcək:

“Məhz vaksinasiya insanları normal və təhlükəsiz həyata qaytara biləcək. Yuxarıda deyilənləri nəzərə alıb,  vaksinlərin ölkəmizdə tətbiq olunmasını tezləşdirmək və planlı şəkildə tətbiq etmək mütləqdir”.