Ermənistanda vəziyyət kritikdir ! – “Məğlubiyyət böhranı dərinləşdirib”

“İşğalçı ölkədə hakimiyyətə kim gəlirsə gəlsin, üçtərəfli bəyanatın siyasi nəticələri dəyişə bilməyəcək”


Müharibədən sonra çətin günlər keçirən Ermənistanda dərin böhran yaşanır. Vəziyyət o həddə çatıb ki, insanlar çörək belə ala bilmirlər. Bu səbəbdən də xaricdə yaşayan ermənilər İrəvana gələrək əhaliyə az da olsa, yardım etməyə çalışırlar. Bu barədə Almaniyada yaşayan, hazırda isə İrəvanda olan Vaqram Moqanesyan bildirib.  O, vəziyyətdən yalnız dövlət çevrilişi ilə çıxa biləcəklərini qeyd edib. 
Bundan başqa qeyd edək ki, Ermənistan hökuməti müqavilə əsasında xidmət edən hərbçilərinə onların gözlədiklərinin əksinə maaşlarını yarıbayarı ödəyib.

Bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında “Ermənistanda fərarilər üsyan edir, Xocavənd istiqamətində sahibsiz itlər zərərsizləşdirildi” başlıqlı videosunda qeyd olunub. Erməni hərbçilər söz verilmiş 250 min dram (520 dollar) əvəzinə, bu pulun yarısını əldə edə biliblər. Üstəlik burada söhbət sadəcə onların maaşlarından gedir, müharibə və ön xətdə xidmətlə bağlı nəzərə tutulmuş əlavə ödənişlər isə heç hesaba belə alınmayıb.
İcevandan olan müqavilə əsasında xidmət edən hərbçilər maaşlarını əlavələrlə alacaqlarını gözləsələr də erməni hökuməti onları yanıldıb.



İrəvandakı acınacaqlı durumu “Sherg.az”a şərh edən beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zaidov bildirib ki, Ermənistanda müharibədən öncə də sosial-iqtisadi vəziyyət pandemiyaya görə günü-gündən gərginləşirdi. Ölkə idarəçiliyi bu məsələnin öhdəsindən gələ bilmirdi. Mütəxəssis qeyd edib ki, daha sonra ermənilərin İkinci Qarabağ müharibəsində aldıqları sarsıdıcı məğlubiyyət rəhbərliyin statusunu bir az da aşağı saldı:

“Məhz bundan sonra müxalif partiyalar Paşinyana qarşı etiraz aksiyaları keçirməyə başladılar. Sözsüz ki, sosial-iqtisasi problemlər, pandemiya və müharibənin acı nəticələri fonunda daimi mitinqlər ölkədəki böhranı daha da dərinləşdirdi.

Hətta Ermənistanın Baş nazirliyinə müxalifətdən olan Vazgen Manukyanın namizədliyi irəli sürüldü. Amma ona da ölkə daxilində kifayət qədər inam yoxdur.

Ermənistan əhalisinin bir qismi Paşinyanın getməsini istəyir. Təbii ki, burada əsas faktor müharibədəki məğlubiyyətdir. Amma digər tərəfdən Paşinyana alternativ olaraq ölkəni idarə edəcək bir şəxsin olmadığı üçün bu böhran daha da dərinləşir.

1988-ci ildə Qarabağ Komitəsi yaradılmışdı. Bu komitənin yaradılmasında məqsəd Qarabağı Azərbaycandan ayırmaq cəhdlərini həyata keçirmək idi. V.Manukyan bu komitəni yaradanlardan idi.

1992-1993-cü illərdə isə Ermənistanın müdafiə naziri olub. Bu şəxsin əlində Azərbaycan xalqının qanı var. Belə bir adamın hakimiyyətə gəlməsi o deməkdir ki, Ermənistan çirkin səhvlərindən dərs götürməyib”.

S.Zaidovun sözlərinə görə, Ermənistandakı ekspertər deyir ki, köhnə düşüncəli şəxslər hakimiyyətə gəlməməlidir:

“Məsələ burasındadır ki, müxalifətdə də ölkəni idarə edə biləcək şəxs olmadığı üçün ölkədəki böhran bir müddət davam edəcək. Əhali arasında sorğu keçirildi və hakimiyyətdə kimin olmasını soruşdular.

Hətta bir nəfər “yaxşı olar ki, başımızda erməni biri olmasın” dedi. Eyni zamanda ölkədəki erməni anaları fəryad edir, itkin düşmüş övladlarını istəyirlər. Bir sözlə, İrəvandakı vəziyyət olduqca kritikdir.

İstənilən halda Nikol Paşinyan çıxış yolu üçün erkən növbədənkənar seçkilərin keçirilməsini istəyir. Bu seçkilərin yaxın zamanda olma ehtimalı böyükdür. Fikrimcə, seçkilər Ermənistanın taleyində aparıcı rol oynayacaq.

Amma istənilən halda həm hakimiyyət, həm də müxalifət bilir ki, artıq İkinci Qarabağ müharibəsinin nəticələri təsbit olunub. Ermənistanda hakimiyyətə kim gəlirsə gəlsin, üçtərəfli bəyanatın siyasi nəticələri dəyişə bilməyəcək”.