Makron özünü də ifşa etdi, Paşinyanı da! – “Təcrübəli siyasətçi deyil”

“O, heç olmasa Rusiya prezidentindən nümunə götürməli, siyasi gedişləri öyrənməlidir”

“Putin bütün çıxışlarında bir vasitəçi kimi hər iki tərəflə müntəzəm əlaqədə olduğunu söyləyir”

“Makron nə diplomatiyanı bilir, nə də Minsk qrupunun funksiyasını”


Fransa prezidenti Emanuel Makron müharibə vaxtı Ermənistan baş naziri Nikol Paşinyana sms-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərdi. Noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra E.Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib.
Bu barədə Ermənistanın "Qraparak" nəşri yazıb. Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyanın tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.


Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalananadək,  nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib.

Makron deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?".

O, həmçinin Fransanın necə davranmalı olduğu ilə maraqlanıb.

"Qraparak" isə yazır ki,"bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi".
Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT-in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib.



Politoloq İlqar Vəlizadə Makronun açıqlamasını “Sherg.az”a şərh edərkən onun özünü ifşa etdiyini deyib:

 “Paşinyan Kremldən qorxduğuna, həmçinin Rusiyanın məsələdə təsir qüvvəsi daha çox olduğuna görə Makronla əlaqə saxlamırdı. Əlbəttə, Fransa preizdentinin lazımi imkanları olsaydı, Ermənistan baş naziri ona da müraciət edərdi. Ümumiyyətlə, Makron  təcrübəli siyasətçi deyil. Əks halda belə məlumatı ictimailəşdirməzdi.

O, heç olmasa Rusiya prezidenti Vladimir Putindən nümunə götürməli, siyasi gedişləri öyrənməlidir. Putin bütün çıxışlarında bir vasitəçi kimi hər iki tərəflə müntəzəm əlaqədə olduğunu söyləyir.

Dediyim kimi, Makron nə diplomatiyanı bilir, nə də Minsk qrupunun funksiyasını. Ondan əvvəlki prezidentlər də müəyyən qədər erməniləri dəstəkləyirdilər, amma heç biri mövqeyini belə qabartmamışdı”.

İ. Vəlizadənin sözlərinə görə, bu, həm də həmsədrlərin fəaliyyətsizliyinə işarədir:

“Minsk qrupunun zəifliyi, yararsızlığı özünü bir daha göstərdi. Hətta Paşinyan belə, Minsk qrupu çərçivəsində hansısa addım atmaqdan çəkinirdi. Çünki mənasız olduğunu bilirdi”.