Makrondan destruktiv mövqe ! - “O, Fransanın maraqlarına zərbə vurur”

“Fransa prezidenti erməni lobbisi və diasporunun təsiri altındadır”

“O anlamalıdır ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan işğalçını cəzalandırıb və yeni reallıqlar yaradıb”

“Fransa isə hələ də məğlub, təcavüzkar Ermənistanın mövqeyini müdafiə etməyə çalışır”


“Fransa prezidenti Emmanuel Makronun erməni icmasının nümayəndələri ilə görüşü zamanı ifadə etdiyi fikirlər onun ermənipərəst, islamafob mövqeyinin növbəti etirafı və ifşasıdır. Ümumiyyətlə, biz bu zamana qədər, xüsusilə də 44 günlük müharibə dövründə Fransanın ermənipərəst mövqeyini müşahidə etmişik. Bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri mandatını daşımasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar qərəzli, birtərəfli yanaşma ortaya qoyub”. 

Bu sözləri politoloq Nurlan Qələndərli “Şərq”ə açıqlamasında deyib.

O qeyd edib ki, Fransanın bu mövqeyi status-kvonun qorunub saxlanması, Ermənistanın işğalçı siyasətinin davam etməsi və separatizmin hökm sürməsi kimi dağıdıcı məqsədlərə xidmət edib:

 “Təbii ki, bu, qəbuledilməz və yolverilməzdir. Elə Makronun erməni icmasının nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər də Fransanın ATƏT-in Minsk qrupu həmsədr ölkəsi olaraq bu zamana qədər hansı funksiyanı yerinə yetirdiyini göstərir. Daha dəqiq desək, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi  vasitəçilik missiyasını yerinə yetirərkən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində fəallıq nümayiş etdirməli idi. Amma biz bunun tamamilə əksini müşahidə etdik. Fransanın tərəf kimi çıxış etdiyini, ermənipərəst mövqe nümayiş etdirdiyini və vasitəçilik missiyasını “təcavüzkar Ermənistanın mövqeyini müdafiə etmək” kimi anladığını gördük”.

N.Qələndərlinin qənaətincə,  eyni zamanda, son faktlar onu göstərir ki, E. Makron erməni lobbisi və diasporunun təsiri altındadır:

 “Azərbaycan döyüş meydanında öz sözünü deyərək Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olub. Ermənistanı diz çökdürərək kapitulyasiya aktını imzalamağa məcbur edib. Fransa isə hələ də məğlub, təcavüzkar Ermənistanın mövqeyini müdafiə etməyə çalışır. Dolayısı ilə Makronun mövqeyi Fransanın milli maraqlarına zərbədir. Yəni bu, tamamilə yanlış siyasətdir. Fransanın rasional dövlət ağlı varsa, reallığı qəbul və dərk etməlidir. Anlamalıdır ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan işğalçını cəzalandırıb və yeni reallıqlar yaradıb”.