Acı məğlubiyyət ! - “Ermənistanın özünə gəlməsi üçün 30 il zaman lazımdır”

“İndi Paşinyan bütün hallarda Qarabağ yükündən azad olmaq üçün çalışır”

“İşğalçı ölkə bir məqamı yaddan çıxarmalı deyil: yenidən hər hansı bir addım atsalar, bu, çox baha başa gələcək”

““Dəmir yumruq” bu dəfə başlarına dəysə, inanmıram ki, bir də ayağa qalxa bilsinlər”


44 günlük müharibə və acı məğlubiyyət  Ermənistanda sosial-iqtisadi böhrana, gərgin  mənəvi-psixoloji duruma səbəb olub. Ölkədə daxili qarşıdurma pik həddə çatıb. Hətta Ermənistanın yüksək vəzifəli şəxsləri mövcud durumu etiraf edirlər. Ermənistan prezidenti Aram Sarkisyan bildirib ki, minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir.

A.Sarkisyan qeyd edib ki, Ermənistan böyük böhran içindədir:
“Bunun ən pisi həm də emosional-psixoloji böhrandır. Çünki təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə böyük zərbə vurulub.  Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq”.

Politoloq Cümşüd Nuriyev mövcud durumu “Sherg.az”a dəyərləndirib:

“Ermənistandakı gərgin vəziyyətin yaşanması 44 günlük müharibənin nəticəsidir. Erməni diasporu və elitası uzun müddət idi ki, Qarabağla bağlı böyük Ermənistan ideyasını həyata keçirmək üçün təbliğat aparırdılar.

Beləliklə, Qarabağ və ətraf rayonları işğalda saxlamaqla bu xəyallarını həyata keçirmək istəyirdilər. Lakin ordumuz ermənilərin bu arzusunu ürəyinə qoydu”.

Analitik bildirib ki, Vətən müharibəsi zamanı Ermənistanın 80 faiz hərbi texnikası məhv edildi:

“Ermənistanın hərbi sənayesinə təxminən 2 milyard dollar ziyan dəyib. Döyüş maşınları, tanklar, toplar, S-300 və digər ballistik raketlər Azərbaycan tərəfindən məhv edildi.

Ermənistan kimi kasıb dövlətin müharibədən özünə gəlməsi üçün ən azı 30 il zaman lazımdır. İnanmıram ki, bu müddət ərzində ermənilər nəinki Qarabağda, hətta Ermənistanda qala bilsin.

Çünki onların bölgədə də problemləri var. Gürcüstan və Türkiyə ilə ərazi iddiası mövcuddur. Eyni zamanda indi İranla da münasibətlər o qədər yaxşı deyil.

Belə bir zamanda Ermənistanın daxilində böhranlı vəziyyət hökm sürür. Azərbaycan bütün bunları 1990-cı illərin əvvəllərində yaşayıb. Ermənistan siyasi, iqtisadi, hərbi və idealoji cəhətdən çöküb.

Onsuz da bir dövlət kimi müstəqil deyildilər, heç vaxt sərbəst qərar qəbul edə bilməyiblər. Paşinyan bütün hallarda Qarabağ yükündən azad olmaq üçün çalışır. Başa düşdü ki, Qarabağ məsələsi Ermənistanı bir dövlət kimi məhvə apararır. Ona görə də çalışır ki, Ermənistanı xilas etsin”.

Analitik qeyd edib ki, Paşinyanın devrilməsi Ermənistan üçün daha ciddi bəlalar gətirəcək:

“Çünki ASALA daşnaksütyun hakimiyyətə iddialıdır. Onlar da həddindən artıq separatçılardır və faşizmə meyl edirlər. Bütün hallarda Ermənistanda vəziyyət çox ağırdır. Düşmən ölkənin həyata keçirmək istədikləri provakasiyaların arxasında Rusiya durur.

Amma Rusiyanın özünün də ciddi problemləri var.  Rusiya çalışacaq ki, Ermənistana müəyyən qədər kömək etsin. Lakin bütün hallarda Ermənistan bir məqamı yaddan çıxarmalı deyil: Yenidən hər hansı bir addım atsalar, bu, çox baha başa gələcək.

Çünki “dəmir yumruq” bu dəfə başlarına dəysə, inanmıram ki, bir də ayağa qalxa bilsinlər. Onları qızışdıran Rusiya da ağlını başına yığmalıdır”.