Savaşdan dönənlərə psixoloq yardımı mütləqdir

Yəqin ki, dövlət və QHT layihələri olacaq

İkinci Qarabağ müharibəsininin iştirakçıları artıq evlərinə qayıdır. Şübhəsiz 44 günün ağrısını, acısını onlar görüb, yaşayıblar. Bizim əlimizdən ancaq dəstək olmaq, yaralarına məlhəm axtarmaq gəlir. Bu səbəbdən də zaman-zaman psixoloqlarla həmsöhbət olub, savaşçılarımızın psixoloji durumu haqqında danışırıq. 

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı "Şərq"ə açıqlama verib. O müharibə iştirakçılarında psixoloji narahatlıqların olduğunu təsdiqləyib:

"Şəhid olanları gözləri ilə görən insanların sarsıntılarını görməmək mümkün deyil. Onların heç nə olmamış kimi sivil həyata davam etmələrini gözləmək absurddur. Məsələyə  ciddi, anlayışlı yanaşmalıyıq.

Ölümlə üz-üzə olmalarını, dostlarını itirmələrini anlamalı, empatiya bacarığımızı inkişaf etdirməliyik. Müharibədə başlarına gələn hadisələri dinləməliyik.

İnsanlar hər hansı  hadisəni öz psixoloji durumuna uyğun qavrayır. Reaksiyası psixologiyasına görə olur. Heç kim deyə bilməz ki, "mən beləyəm, o biri niyə fərqlidir".

Bəziləri savaşdan sonra özünə qapanır, kimisi də eyni hadisəni dəfələrlə danışır.  Bəlkə də onların sadəcə dinlənilməyə ehtiyacı var. Heç bir rəy bildirmədən əvvəlcə qulaq asmalıyıq. Əgər danışmaq istəyirlərsə, danışacaqlar.

Yaxud da danışmaq istəmirlərsə, onları məcbur etməyək. Yenə də özlərinə qapanmalarını aradan qaldırmaq üçün  maraqlanmalıyıq, diqqət göstərməliyik.

Düşünürəm ki, döyüşçülərlə psixoloqlar söhbət  etməlidirlər. Yəqin ki, dövlət və QHT layihələri olacaq. Hər hansı bir tədbir görüləcək. Qazilərimizlə, döyüşçülərimizlə psixoloqlar fərdi və qrup şəklində işləməlidir.

Onların cəmiyyətə inteqrasiyası, aldıqları travmanı aradan qaldırmaq üçün psixoloq dəstəyi vacibdir".