Qazimizi Allah qoruyub - Fotolar

Palçıqdan tikilmiş bir göz otaqlı evdə yaşayır

"Ola bilsin, ayaq kəsilməyəcək. Əməliyyatın nəticəsindən asılı olacaq..."

Hərbi Hospitalda yatan və təsəvvür edin, ayağını itirib-itirməyəcəyini hələ də dəqiq bilməyən əsgər “döyüşməliydik, döyüşdük. Torpağımızı azad etdik. Yaradı da, sağalar...” deyir. Heç kimdən, heç nə də ummur. Heç bir narazılığının olmadığını söyləyir. Belə əsgərlərimiz hesabına alınan torpaq müqəddəs adlanmazmı? Belə oğullar hesabına torpaq Vətənə dönür. 

Tovuz rayonunun Bayramlı kəndindəndi yaralı əsgərimiz, 19 yaşlı Məmmədov Elnur. 2020-ci il yanvarın 7-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti Füzuli istiqamətində çəkirmiş. 27 sentyabrda başlanan Vətən savaşına Füzulidən başlayıb. 44 günlük müharibənin 45-ci günü – noyabrın 10-u səhər saatlarında Xocavənddə ermənilərlə üzbəüz döyüşdə yaralanıb.

Dünən əsgərimizlə telefon əlaqəsi yaratdıq. Yaralanmağı barədə özü danışdı: 

- Xocavəndə daxil olurduq, əsgər yoldaşım ayağından yaralandı, ona kömək etmək istəyirdim, yarasını bağlayırdım, yaxınımızda mərmi partladı. Sağ ayağım pəncə və daban hissədən mərmi yarası aldı. Ardınca da sol buduma güllə dəydi. Güllə sol buduma dəyib sümüyü qırıb çıxmışdı, sağ ayağıma da dəymişdi. Əvvəlcə Füzulidəki hospitala apardılar.

Orda birinci dəfə əməliyyat olundum. Sonra Gəncəyə göndərdilər. Sonra da Bakıya, əvvəlcə Travmatologiya Xəstəxanasına, sonra da Hərbi Hospitala yerləşdirdilər. Sol buduma dəmir korset taxılıb. Hissiyyat yoxdu. Həkimlər deyir, əməliyyat olunmalıdır. Ola bilsin, ayaq kəsilməyəcək. Əməliyyatın nəticəsindən asılı olacaq... 

Elnur hospitalda xidmətdən razılıq etdi. Həkimlərə təşəkkür etdi: 

- Həkimlərimiz sağ olsun, əsgərlərə necə lazımdı xidmət edirlər. Əllərindən gələni edirlər ki, yaralı əsgərlərimiz tez sağalsın. Yaralı əsgər nə arzulaya bilər? Ancaq evə dönmək... Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımız da tez sağalsınlar. 

Elnur bütün əsgərlərimiz kimi dəyanətlidir. Dözümlüdür. Canını Vətənə fəda etməyə zatən hazır idi. Şəhid olmadı, qalib ordunun qazisi oldu. Amma Elnurun söyləmədikləri də var.

Tovuzun Bayramlı kəndində Elnurun ailəsini tanıyanlardan öyrəndik ki, əsgər ailəsi sıxıntı içində yaşayır. Kənddə onları tanıyanların sayəsində Elnurun anası Laləzər xanımla əlaqə saxladıq.

Laləzər xanım ehtiyaclarını dilə gətirmək istəməsə də, “eşitmişik, eviniz yararsız haldadı” sözündən sonra çəkinə-çəkinə, “bəli, palçıqdan bir göz otaqlı evdi.

Çox pis vəziyyətdədi”, dedi. Ailənin heç bir yerdən gəliri yoxdur. Elnurun atası da, anası da işsizdir. Rayon icra hakimiyyətindən indiyədək onlarla maraqlanan olmayıb. Kənd soveti yararsız halda olan evin fotosunu çəkib, icra hakimiyyətinə bildirəcəyinə vəd verib.

Hələ də icra hakimiyyətindən səs-soraq yoxdur. Vətən üçün canını sipər edənlərə xüsusi diqqət olmalıdır. Cənab Prezident məhz bu mövqeyi gözləyir hər birimizdən.