Türkiyə və Böyük Britaniya arasında saziş: “Bu, Avropa Birliyini zəiflədəcək”

“Türkiyənin Suriya, Liviya və Aralıq dənizində uğurlar qazanmasında da həmin dövlətin mühüm rolu var”

“Əminəm ki, saziş həm Türkiyə, həm Azərbaycan üçün böyük perspektivlər açacaq”

Bu gün Türkiyə ilə Böyük Britaniya arasında sərbəst ticarət sazişi imzalanacaq. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra açıqlama verib. Dövlət başçısı imzalanacaq sazişin Gömrük Birliyi sazişindən sonra ən mühüm sənəd olacağını qeyd edib: 
“Dekabrın 25-nə olan vəziyyətə görə, ixracatımız 2020-ci ilin yekun hədəflərimizi üstələyərək 166 milyard ABŞ dollarına çatıb. 2021-ci ildən həm Türkiyənin, həm də Böyük Britaniyanın qazanacağı yeni bir dövr başlayır. Yüksək ÜDM-li yatırımlarla mövcud kəsirimizi örtərək xarici maliyyəyə olan ehtiyacımızı azaldırıq”.

Əlbəttə, Britaniya ilə Türkiyə arasında imzalanan müqavilə hər iki tərəf üçün həm siyasi, həm də iqtisadi perspektivlər vəd edir. 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli isə “Sherg.az”a açıqlamasında sazişin siyasi əhəmiyyətindən danışıb: 

“Qarşılıqlı anlaşmanın ticarət önəmi olsa da, nəzərə almaq lazımdır ki, Britaniya ilə Türkiyə arasında sərhəd xətti yoxdur. Məhz buna görə mən sazişi ticarət baxımından xarakterizə etməzdim. Müqaviləyə siyasi nöqteyi-nəzərdən baxılmalıdır. Və mütləq Avropa Birliyinin perspektivləri qiymətləndirilməlidir. Avropa ABŞ və Çin qarşısında çox zəifləyib, təsir gücü, demək olar, qalmayıb. Britaniyanın da artıq bu quruma ehtiyacı yoxdur. Əlbəttə, sözügedən müqavilə Avropa Birliyini daha da zəiflədəcək”.

Ə.Əlibəyli, həmçinin müqavilənin Azərbaycan üçün də əhəmiyyətindən danışıb:

 “Bilirsiniz ki, Dağlıq Qarabağ məsələsində Britaniya Azərbaycana çox kömək oldu. Məhz onun hazırladığı yeni dünya nizamı sayəsində problem öz həllini tapdı. Həmçinin Azərbaycanda Britaniyanın çox mühüm şirkətlərindən biri olan BP fəaliyyət göstərir. Türkiyənin bu səviyyəyə gəlib çatmasında, o cümlədən Suriya, Liviya, Aralıq dənizində uğurlar qazanmasında da həmin dövlətin mühüm rolu var. Əminəm ki, saziş həm Türkiyə, həm Azərbaycan üçün böyük perspektivlər açacaq”.