“Şərq”çilər Vətən müharibəsi şəhidlərini ziyarət etdilər - Fotolar + VİDEO

Bugün “Şərq” qəzetinin kollektivi İkinci Fəxri Xiyabanda dəfn olunmuş 44 günlük Vətən müharibəsinin şəhidlərinin məzarlarını ziyarət ediblər. Öncə iyul ayında Tovuzda baş vermiş ermənilərin xain hücumu nəticəsində şəhid olan general mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, Milli Qəhrəman, polkovnik İlqar Mirzəyevin və digər zabitlərin məzarları ziyarət olunub. Daha sonra 30 illik dözüm və həsrətdən sonra Azərbaycan xalqına şanlı Zəfər bəxş edən və bu uğurda canlarını fəda edən igid oğullarımızın məzarları üstünə tər qərənfillər düzülüb. Fəxri Xiyabanda əbədi uyuyan qəhrəmanlar yad edilərək ruhlarına dualar oxunub.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda canlarını qurban verən şəhidlərimiz hər an yad edilməli, onların adı daim uca tutulmalıdır.
Baş redaktor bəyan edib ki, şəhidlər Vətən, torpaq deməkdir. Əgər şəhidlərimizi daim xatırlamasaq, yad etməsək, onların qəhrəmanlıqla dolu həyatlarını mediada işıqlandırmasaq, bu Vətənin çörəyi bizə haram olar:

“Mediamız müntəzəm olaraq şəhidlərimizin rəşadətini təbliğ etməlidir. Hər bayramda, özəl günlərdə şəhidlərimizin ziyarət olunmasını ənənəyə çevirməliyik. Şəhidlərimiz, qazilərimiz olmasaydı, Vətən də, biz də olmazdıq. Bu torpağı Vətən edən şəhidlərdir və onların ziyarət hər bir vətəndaşın insanlıq borcudur”.

Fəxri Xiyabana şəhidləri ziyarət etmək üçün gələnlərin sayı kifayət qədər çox idi. Şəhidlər təkcə gözüyaşlı ailə üzvləri, yaxınları, dost-tanışları tərəfindən deyil, bütün insanlar tərəfindən mütəmadi ziyarət olunur.

Demək olar ki, hər gün Xiyabana insan axınını müşahidə etmək mümkündür.

Şəhidlərin ziyarəti əsnasına maraqlı məqamlar da diqqətimizi cəlb etdi. Redaksiya heyəti Vətən müharibəsinin ilk günlərindən qəhrəmanlığı ilə dillərə dastan olmuş 19 yaşlı Cəbrayıl Dövlətzadənin məzarı başında bir müddət dayandı, onun igidlikləri, yalın əllə erməni generalını cəhənnəmə vasil etməsini xatırladı.

Bu vaxt azyaşlı qızın şəhid Cəbrayılın məzarı başında əsgər salamı verdiyinə şahidlik etdik. Qızcığazın anası bildirdi ki, o, öz övladının arzusunu həyata keçirmək üçün Fəxri Xiyabana gəlib. Qızı anasında xahiş edibmiş ki, şəhidimizə əsgər salamı vermək üçün onu ziyarətə aparsın..

Məzarları ziyarət edənlər arasında şəhidlərin döyüş yoldaşları, mənfur düşmənə qarşı eyni cəbhədə çiyin-çiyinə vuruşmuş əsgər və zabitlər də vardı. 4-5 əsgər bir şəhidin məzarı başında dayanmışdı.

Əsgərlərlə söhbətdən aydın oldu ki, Vətən müharibəsində düşmənə qarşı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan komandirlərinə - kapitan Ülvü Hüseynovu ziyarətə gəliblər. Rakif adlı əsgər öz komandirinin qəhrəmanlığından, əsgərlərə olan qayğıkeş münasibətindən qısaca bəhs etdi.

Şuşaya kimi davam etdikləri döyüş yolunda komandirlərinin düşmən mühasirəsini yarmağa çalışarkən snayper gülləsinə tuş gəldiyini söylədi. Bütün medianın qəhrəman şəhidlərdən, qazilərdən yazmasını, onları layiqincə təbliğ etməsini xahiş etdi. Bildirdi ki, Vətənin azadlığını borclu olduğumuz şəhidlərimizin qəhrəmanlıqları, şücaətləri gələcək nəsillərə çatdırılmalıdır.

Xiyabanda rastlaşdığımız bir sıra hadisələr bizi dərindən kövrəltdi. Doğum günü ziyarət günü ilə üst-üstə düşən şəhidimizin baxışları, dəqiq bilinmədiyi üçün ölüm tarixi qeyd edilməyən igidlərimizin baş daşları ilə ölümsüzlüyə diqqət çəkməsi, öz komandiri ilə birlikdə şəhid olan əsgərimizin məzarı başında yaxınlarının acı fəryadı ürəyimizi parçaladı.

Ziyarət zamanı əksər şəhid məzarları üzərində uşaqlar tərəfindən çəkilən bayraq rəsmləri, şəhidlərə ünvanlanmış imlalar, şeirlər, rəsmiyyətdən uzaq, tam səmimi ürək sözləri də bizi çox sarsıtdı. Lakin bir daha əmin olduq ki, xalqımızın böyüklü-kiçikli hər bir fərdi Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini daim yaşadacaq, onların ölməz ruhlarını hər zaman yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət etsin!