“Xocavəndə hücumun ssenaristi Rusiyadır” – Gizlinlər üzə çıxdı !

“Kreml Qarabağda çox təhlükəli oyun oynayır. Məqsəd bölgədəki silahlı qüvvələrinin sayını artırmaqdır”

“Göstərmək istəyir ki, guya 3 min dəstə ilə 30 min erməni silahlısının öhdəsindən gələ bilmir”

“Rus sülhməramlısı şərtdirsə, o zaman mütləq şəkildə Türkiyə hərbçiləri də Qarabağda yerləşdirilməlidir”


"Ermənistanda kifayət qədər revanşist düşüncəli siyasilər var. Onlar müharibəni yenidən başlatmaq, qisas almaq istəyirlər”. 

Bu barədə “Sherg.az”a açıqlamasında Azərbaycan Demokratik Partyasının sədri Sərdar Cəlaloğlu deyib. 

Partiya rəhbəri bildirib ki, Xocavənddə düşmənin Azərbaycan Ordusuna növbəti hücumun ssenaristi Rusiya sülhməramlılarıdır: 

“Rusiya Qarabağda çox təhlükəli oyun oynayır. Məqsəd bölgədəki silahlı qüvvələrinin sayını artırmaqdır. Moskva özü Ermənistandan Qarabağa silahlı erməni daşıyır, onların Azərbaycan Ordusunun bölmələrinə hücumunu təşkil edir, sonra iddia edir ki, “3 min dəstə ilə 30 min erməni silahlısının öhdəsindən gələ bilmirəm”. Guya əsgərləri az olduğu üçün hücumların qarşısını almaqda çarəsiz qalırlar. Kremlin digər məqsədi isə bölgədə hərbi baza yaratmaq, münaqişəni uzatmaq, tərəfləri təzyiq altında saxlamaqdır”. 



S.Cəlaloğluna görə, problemlərə birdəfəlik son verməyin yolu Rusiya sülhməramlılarını Qarabağdan çıxartmaqdır: 

“Ərazilərimizə özümüz, Azərbaycan Ordusu nəzarət etməlidir. Yox əgər rus sülhməramlısı şərtdirsə, o zaman mütləq şəkildə Türkiyə hərbçiləri də Qarabağda yerləşdirilməlidir. Başqa variant yoxdur”.