Şuşaya “nəfəs” verilir ! - “Bərpa və yenidənqurma işlərinə başlanılıb” – Həyat canlanır ! 

"Şuşa öz strateji mövqeyinə və eyni zamanda mənəvi əhəmiyyətinə görə olduqca vacib ərazidir".

Bu barədə "Sherg.az"a açıqlamasında Qərbi Azərbaycan İrəvan Respublikasının sözçüsü Təbriz Musayev deyib.

T.Musayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb:

"Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq”, “Azərenerji”, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət işçi qruplarına səlahiyyətlər verilib. Bu işçi qrupları 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək. İlk növbədə Şuşa şəhərinin yenidən qurulması və təmir bərpa işlərinin həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Çünki Şuşa Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunur. Şuşa Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidə, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən vahid muzeydir. 

Elə ona görə də Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası olduqca vacib olunmalıdır".

Siyasi şərhçi bildirib ki, Şuşada bir-birinin ardınca dövlət qurumlarının fəaliyyətinin təmin olunması, DTX-nin binasının, polis idarəsinin yaradılması da təqdirəlayiq hal kimi qiymətləndirilməlidir:

"Şuşa polis idarəsinə Vətən müharibəsində iştirak etmiş polkovnik-leytenanţ Səməd Məhərrəmovun təyin edilməsi də sevindiricidir və alqışlanmalıdır. Əminəm ki, qısa vaxt ərzində Prezidentin tapşırığına əsasən qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq".