İran manevr edir ! – “Qarabağda sülhyaratma prosesinə can atır, amma...” - 

"...Azərbaycan, Türkiyə və Rusiya bu məsələyə müsbət reaksiya vermədi”

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Əl Sani və erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı baş tutub. Bu barədə İran XİN məlumat yayıb.
İran XİN rəhbəri qətərli həmkarı ilə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib. Zərif Ayvazyanla telefon söhbətində isə Qarabağ məsələsinə toxunub. İran XİN rəhbəri Qarabağdakı müharibənin başa çatmasının region ölkələri arasında çoxşaxəli əməkdaşlığa zəmin yaratdığını vurğulayıb.

 Vətən müharibəsinin ilk günlərindən etibarən İranın birmənalı siyasi yol tutmadığı, ani manevrlər etdiyi hər kəsə yaxşı məlumdur. Deməli, rəsmi Tehrandan hər şey gözləmək mümkündür. Çünki nə dostdur, nə  düşmən. Bu isə, bəlkə də, ən təhlükəlisidir.

Siyasi analitik Elçin Xalidbəyli “Sherg.az”a cənub qonşumuzun ziqzaqvari manevrlərini belə izah edib: 

“İranın da Türkiyə və Rusiya kimi Cənubi Qafqazda öz maraqları var. Amma İranın maraqları Türkiyə və Rusiyanın hədəflərindən müəyyən mənada fərqlənir. İran Cənubi Qafqaza qonşu ölkədir. Və rəsmi Tehran hesab edir ki, bu regionda cərəyan edən geopolitik proseslərdən kənarda qalmamalıdır. Əslində, İran Dağlıq Qarabağ münaqişəsinin həllində və sülhyaratma prosesindən daha aktiv iştirak etməyə meyllidir. Ancaq Rusiya, eləcə də digər beynəlxalq güclər rəsmi Tehranın regionda xüsusi fəallıq göstərməsinə müsbət yanaşmırlar. Halbuki, rəsmi Tehran belə bir hüququn qazanılmasına can atır. Rəsmi Tehran həm 44 günlük savaşdan öncə, həm də müharibə dövründə münaqişə tərəfləri arasında vasitəçilik edə biləcəyini dəfələrlə təklif etmişdi. Ancaq Azərbaycan, eləcə də Türkiyə və Rusiya bu məsələyə müsbət reaksiya verməyə həvəs göstərmədi. Bununla belə, rəsmi Tehran Cənubi Qafqazda baş verənlərdən kənarda qalmaq niyyətində deyil. Ona görə də, müxtəlif istiqamətlərdən buna cəhdlər göstərir. İndiki situasiyada İranın regionda ən rahat anlaşa biləcəyi ölkə kimi Ermənistan daha ön planda görünür. Çünki bu iki ölkə arasında uzun illərdən bəri davam edən əməkdaşlıq təcrübəsi mövcuddur. Ermənistanda İrana regionda maraqları olan digər ölkələrdən daha çox güvənirlər. Bu, Ermənistanın onilliklər boyu İrandan ala bildiyi maliyyə-iqtisadi dəstəkdən də qaynaqlanmış ola bilər. Ona görə də, rəsmi Tehran Ermənistanla münasibətləri əvvəlki məzmun və keyfiyyətdə saxlamaqda maraqlıdır. Çünki Ermənistan ilə yaxın münasibətlər İrana Cənubi Qafqazda müəyyən geopolitik manevr imkanlarını saxlaya bilər. Hər halda, Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi daha ön planda tutur. Gürcüstan isə üzünü yalnız Qərbə çevirməyə üstünlük verir. Rusiyanın isə Cənubi Qafqazda İrana ehtiyacı yoxdur”.

 E.Xalidbəylinin sözlərinə görə, dialoqlar xeyli dərəcədə “altılıq” layihəsi ilə əlaqədardır:

 “Bununla belə, Ermənistan da regional proseslərin məzmun və keyfiyyətini müəyyən edə biləcək ölkə deyil. Yəni rəsmi İrəvanla nə qədər isti münasibətləri olsa da, İranın Ermənistan üzərindən regiona nüfuz etməsi çətin məsələ təsiri bağışlayır.

Bu, sadəcə, Ermənistana təsir etmək faktorlarının qabardılması ilə İrana regional manevr məkanı qazandıra bilər. Əslində, elə bu məqamın özü də İranın regional maraqları baxımından önəmli faktordur. Çünki savaşın bitməsi ilə Cənubi Qafqaz önəmli tranzit məkana çevrilmək şansı qazanıb.

Belə ki, Qərbdən Çinə və əks istiqamətə daşınacaq ticarət yüklərinin bu region üzərindən daşınacağı ehtimal olunur. Bu, Cənubi Qafqazın olduqca vazkeçilməz ticari-iqtisadi coğrafiyaya çevrilmək şansı olması anlamına gəlir. 10 noyabr anlaşmasında nəzərdə tutulan Azərbaycanı Naxçıvan ilə birləşdirəcək dəhliz Böyük İpək Yolu layihəsinin reallaşmasına geniş imkanlar açır.

Və İran Cənubi Qafqazda ola biləcək iqtisadi inkişaf prosesində iştirak edərək, faydalanmaqda maraqlıdır. Digər tərəfdən, Türkiyə də İranın iştirakı ilə yeni iqtisadi əməkdaşlıq məkanının qurulmasını təklif edir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan Bakıda Zəfər Paradında çıxış edərkən, bu barədə danışmışdı və Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran, eləcə də qoşulmaq istəyərsə, Ermənistanın da iştirakı ilə yeni iqtisadi əməkdaşlıq birliyinin qurulmasının mümkünlüyünü qabartmışdı. Bu region dövlətləri üçün yeni və önəmli iqtisadi inkişaf modeli sayıla bilər.

Bütün bunları nəzərə alsaq, İranın bu proseslərdən kənarda qalmaq istəmədiyini və öz manevr imkanlarını genişləndirməyə can atdığını düşünmək olar. İranın Ermənistanla münasibətlərinə də indiki situasiyada məhz bu maraqların çərçivəsindən baxmaq daha doğru olardı”.