“Makron Fransanı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir”

Fransa prezidenti Emmanuel  Makronun Ermənistan  mətbuatında yer alan sonuncu fikirləri onun  ermənipərəst siyasətinin təzahürüdür. Noyabrın 10-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib. E.Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. Makron müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Makron deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?".

Millət vəkili Vüqar İskəndərov “Sherg.az”a bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı günlərdə Fransanın anti-Azərbaycan mövqedə durması bu ölkənin bəyanatlarında və əməllərində səmimi olmadığını nümayiş etdirirdi:

“Fransa kimi nüfuzlu bir dövlət başçısının belə bir fikirlərlə çıxış etməsi münaqişənin həllində bu ölkənin bitərəfliyinə ciddi zərbə vurur. Bundan sonra Fransanın ATƏT-in Minsk qrupunun həmsədri statusunu daşımağa nə mənəvi, nə də ki, hüquqi və siyasi haqqı yoxdur. ATƏT-in Minsk qrupu həmsədrlərinin, o cümlədən bu məsələlərdə daha çox canfəşanlıq edən Fransanın  “özünəməxsus” prinsipləri mövcuddur.

Fransanın Ermənistana dost ölkə olduğu da məlum faktlardandır. Dünyanın ən sivil dövlətlərindən biri sayılan müasir Fransanın hakim dairələrində kök salmış erməni sevgisi bu ölkənin  heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanımasını şərtləndirib”.

V.İskəndərov qeyd edib ki, bu gün Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirmək istiqamətində addımlar atmaqdadır:

“Makron növbəti seçkidə qalib gəlmək üçün Fransanın "kiçik bacısı" adlandırılan Ermənistana, daha doğrusu, erməni lobbisinin, diasporunun maliyyəsinə, dəstəyinə arxalanır. Bununla da Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir”.